Rus elitasından növbəti “TƏLƏB”: “Rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır” - POLİTOLOQ
Təhlil
14.08.2025 17:32
“Rusiya əsgərləri Ermənistan sərhədində artıq anaxronizmə çevrilib”.
Politoloq Qədir Aslan bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeevin bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib.
O vurğulayıb ki, Ermənistan hökuməti Rusiya sərhədçilərinin ölkə ərazisində mövcudluğuna qarşı qəti mövqe sərgiləyir və bu istiqamətdə addımlar atır. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da açıqlamalarında Ermənistanla razılaşmağın çətinliyini etiraf edib:
"Overçuk müsahibələrin birində deyib ki, Ermənistanla danışıqlar 10-12 saat davam edir. Rəsmi İrəvan Rusiya sərhədçilərinin həmin ərazilərdən çıxarılması məsələsində sərt mövqe nümayiş etdirərək müqavimət göstərir. Bunun nəticəsidir ki, artıq Ermənistan hava limanından və Azərbaycanla sərhəd ərazilərdən Rusiya qüvvələri çıxarılıb. İrəvan bu prosesi davam etdirməkdə qərarlıdır”.
Analitik açıqlayıb ki, bu məsələdə ABŞ və Avropa İttifaqı (Aİ) Ermənistana həm məsləhət, həm də təchizat baxımından dəstək göstərir.
"Beynəlxalq ticarət yollarından Rusiyanın kənarlaşdırılması strateji hədəfdir. Orta dəhliz, Zəngəzur dəhlizi və digər layihələr məhz Rusiyadan yan keçmək üçün nəzərdə tutulub. Belə olan halda Rusiya əsgərinin həmin yollarda dayanması mümkün deyil və buna icazə verilməyəcək".
O hesab edir ki, Rusiya eyni siyasəti Suriyada da aparır. İsrail-Suriya sərhədində olduğu kimi, Ermənistanda da mövqelərini qorumağa çalışır. Lakin bu cəhdlər nəticə verməyəcək. Çünki regionda yeni reallıqlar, ittifaqlar və müttəfiqliklər yaranır.
Q.Aslanın sözlərinə görə, sanksiyalar altında olan Rusiya və İran regionda yaradılacaq yeni ticarət yollarından heç bir siyasi və iqtisadi imkanlar əldə edə bilməyəcəklər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeevin bəyanatına görə, Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı (Zəngəzur dəhlizi – red.) rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır.
Aysel Mətləb
tag: Qədir Aslan,Politoloq,Rusiya,Ermənistan,Todayperss.tv,
