“Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” – Moskvaya açıq mesaj

Təhlil

16.12.2025 14:52

Milli Məclis Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu ratifikasiya edib. Sənədə əsasən, tərəflərdən biri silahlı təcavüzə məruz qaldıqda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qarşılıqlı hərbi yardım göstəriləcək. Memorandum birgə təlimlər, hərbi əməkdaşlıq, təchizat, informasiya və kəşfiyyat mübadiləsini nəzərdə tutur, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyə töhfə verməyi hədəfləyir. Qanun layihəsi parlamentdə bir oxunuşda qəbul olunub.


Maraqlıdır, birgə təlimlər və kəşfiyyat mübadiləsi praktiki olaraq Azərbaycanın müdafiə imkanlarını hansı səviyyədə dəyişə bilər? Bu sənəd regiondakı güc balansına, xüsusilə Ermənistan və Rusiya faktoruna necə təsir göstərə bilər? 

 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, sənədin qəbul zamanlaması Rusiyanın təzyiqlərinə cavab mesajıdır: 

"Öncə bu sənədin parlamentə təqdim olunması və qəbul edilməsi zamanlamasına diqqət yetirmək lazımdır. Yəni bu addım heç də təsadüfi deyil. Hazırkı mərhələdə Ukrayna–Rusiya müharibəsinin sona çatdırılması ilə bağlı ciddi diplomatik proses gedir. ABŞ, Ukrayna və Avropa İttifaqı arasında danışıqlar aparılır və növbəti mərhələdə bu prosesin ABŞ–Rusiya formatında davam edəcəyi gözlənilir. Bununla paralel olaraq müharibə eyni intensivlikdə, hətta daha sərt şəkildə davam edir. Bu prosesdə artıq Türkiyə də zərər görməyə başlayıb. Rusiya neftini daşıyan iki tankerin Ukrayna tərəfindən vurulmasından sonra Rusiya Qara dəniz akvatoriyasında, xüsusilə Türkiyəyə aid hissədə Ukrayna limanlarına, o cümlədən Odessaya zərbələr endirib və ard-arda iki Türkiyə gəmisi dronlarla vurulub. Eyni zamanda Rusiyada azərbaycanlılara qarşı yeni, süni şəkildə təşkil olunan hücumların başladığını və davam etdiyini müşahidə edirik".


Analitik vurğulayıb ki, bu, Azərbaycan-Türkiyə güc birliyinin mesajıdır: 

"Bütün bunlar onu göstərir ki, Rusiya narahatdır və Azərbaycanla Türkiyənin mövqelərindən məmnun deyil. Sözdə və görüntüdə verilən mesajlar reallığı əks etdirmir. Baş verən hadisələrin hamısı mahiyyət etibarilə Türkiyə və Azərbaycana təzyiq xarakteri daşıyır. Məhz buna görə də bu sənədin indiki mərhələdə Azərbaycan parlamentinə çıxarılması və qəbul edilməsi dolayısı ilə verilən açıq mesajdır: bundan sonra Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücü deməkdir".

Onun sözlərinə görə, bu mesajın məqsədi aydındır. Perspektivdə hər hansı təcavüz planı quran üçüncü qüvvə anlamalıdır ki, Azərbaycana müdaxilə edərsə qarşısında Türkiyəni, Türkiyəyə hərbi müdaxilə olarsa qarşısında Azərbaycanı görəcək. Bu reallığı hər kəs, o cümlədən Rusiya da dərk etməlidir. Verilən əsas mesaj da məhz bundan ibarətdir.

Ekspert vurğulayıb ki, sənəd Şuşa xəttini dərinləşdirib iki ölkəni gücləndirir: 

"Eyni zamanda söhbət yalnız qarşılıqlı hərbi yardımdan getmir. Bu sənəd hərbi sahənin bütün istiqamətləri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi deməkdir. Bu, Şuşa Bəyannaməsinin daha irəli mərhələyə daşınması, onun praktiki məzmununun genişləndirilməsi və inkişaf etdirilməsi anlamına gəlir. İki ordu arasında belə bir memorandumun məhz indiki zamanda gündəmə gəlməsi və təsdiqlənməsi hamı üçün ayıldıcı mesajdır ki, kimsə xam xəyallara qapılmasın. Çünki bu proses Türkiyə və Azərbaycanı qarşılıqlı şəkildə daha da gücləndirir".


N.Miri sonda onu da əlavə edib ki, bu proses həm də Rusiyaya balansın dəyişdiyi mesajıdır: 

"Bu baxımdan regionda qüvvələr nisbəti açıq şəkildə Azərbaycan və Türkiyənin xeyrinə dəyişir. Rusiya isə həm Cənubi Qafqazda, həm də Rusiyanın öz terminologiyası ilə desək, Mərkəzi Asiyada tədricən itirən tərəfə çevrilir. Ona görə də bu sənədin ortaya çıxma zamanlamasına xüsusi diqqət yetirmək lazımdır. Bununla bütün dünyaya, o cümlədən Rusiyaya ciddi və aydın mesaj verilmiş oldu".

Jalə Rövşən

TodayPress TV

tag: Türkiyə ,Azərbaycan ,Anlaşma Memorandumu,BMT,Rusiya ,Todaypress.tv,