Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı

Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı
06.07.2026 15:44 Təhlil

Dünyanın müxtəlif cəbhələrində qanlı savaşlar gedir. Lakin 21-ci əsrdə masamızda ən az o savaşlar qədər təhlükəli bir cəbhə daha var: sosial şəbəkələr və gənclərin beyin xəritəsi. Sərhədə tank yeritmədən də insanları idarə etməyin yolunu tapıblar.

Bu gün “TikTok”, “Instagram” və “Telegram” və s. platformalar artıq sadəcə vaxt keçirmək, əyləncə platforması olmaq kontekstindən çox uzaqlaşıb. 

Avropa Parlamentinin rəsmi hesabatları göstərir ki, hazırda 15-24 yaş arası gənclərin düz 65%-i dünyada və ölkədə nə baş verdiyini ənənəvi xəbər saytlarından və ya televiziyadan yox, məhz sosial şəbəkələrdən öyrənir. Yəni, cəmiyyətin gələcəyinin əsas informasiya qaynağı artıq sosial media alqoritmləridir. Mənzərənin arxasında böyük rəqəmsal tələ gizlənir.

Ən böyük zərbə gənclərin düşünmə sisteminə dəyir. Araşdırmalara görə, hazırda yeni nəslin hər hansı sosial media postuna ayırdığı diqqət müddəti orta hesabla cəmi 6.5 saniyəyə düşüb. “TikTok”da 15 saniyədən qısa olan videoların 76%-i axıra qədər izlənildiyi halda, bir dəqiqəni keçən videolar dərhal ötürülür. Gənclər hər 40-44 saniyədən bir tətbiqlər arasında keçid edirlər. Bu o deməkdir ki, yeni nəsil artıq uzun, dərin və analitik mətnləri oxumaq, anlamaq qabiliyyətini itirir. Beyin o qədər sürətli və bəsit məzmuna öyrəşir ki, real həyatın, təhsilin və milli dəyərlərin gətirdiyi ağırlığı qəbul edə bilmir. Beləcə, gənclər daxili immunitetini itirərək virtual trendlərin əsirinə çevrilirlər.

İşin siyasi və strateji tərəfi isə rəqəmsal diplomatiya adı altında aparılan hibrid müharibədir. Avropa Statistika Agentliyinin məlumatına görə, gənclərin az qala 76%-i hər həftə sosial şəbəkələrdə bilərəkdən yayılan saxta xəbərlərə və manipulyasiyalara məruz qalır. İndi bir ölkədə xaos yaratmaq üçün sərhədə qoşun yeritməyə ehtiyac yoxdur. Xarici kəşfiyyat orqanları xüsusi bot orduları və saxta profillər vasitəsilə daxili auditoriyanın ən həssas damarını tapır. Hər hansı regional böhranda “Telegram” kanallarına sızdırılan panika videoları və ya “TikTok”dakı manipulyativ trendlər ictimai rəyi bir neçə saatın içində tamamilə dəyişə bilir. Əgər bir dövlət öz rəqəmsal sərhədlərini, yəni informasiya suverenliyini qoruya bilmirsə, onun cəmiyyəti kənar güclərin əlində asanlıqla idarə olunan bir kütləyə çevrilir.

Buna görə də torpağı qorumaq necə vacibdirsə, internet məkanımızı qorumaq da  bu gün eyni dərəcədə təhlükəsizlik məsələsidir. Amma çıxış yolu qadağalar qoymaq, interneti kəsmək və ya saytları bloklamaq deyil. Əsas hədəf gənclərdə media savadlılığını artırmaqdır ki, onlar ekranda gördükləri yalanla doğrunu özləri ayıra bilsinlər. Xaricdən gələn manipulyasiya dalğalarına qarşı daxildə güclü, keyfiyyətli və cəlbedici məzmun istehsal etməliyik. Çünki rəqəmsal dünyada öz informasiya məkanına sahib çıxa bilməyən dövlətlər, gələcəkdə müstəqilliyini də masada itirmək təhlükəsi ilə üz-üzə qalırlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər