Nepal qarışdı: Kimlər ibrət dərsi alacaq?
Təhlil
10.09.2025 15:52
“Nepaldakı hadisələr bir daha göstərdi ki, xalqla məmurlar arasında yaranan dərin uçurum faciələrə gətirib çıxara bilər”.
Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib.
“Cəmiyyəti sakitləşdirmək mümkün olmadı”
O bildirib ki, Nepalda sosial mediaya qoyulan qadağalardan sonra gənclərin keçirdikləri kütləvi etiraz aksiyaları həm xarakter və məzmun baxımından dəyişib, həm də daha geniş miqyas alıb:
“Nepal dünyanın ən kasıb və inkişafdan qalmış ölkələrindən biridir. Beynəlxalq hesabatlara görə, əhalinin üçdə biri yoxsulluq içində yaşayır və adambaşına düşən ÜDM cəmi 240 dollardır. Nepalda rüşvətxorluq və korrupsiya, sərt və yarıtmaz idarəçilik cəmiyyətdə ciddi narazılıqlar doğurub. İnsanlarda məmurlara və dövləti idarə edənlərə qarşı nifrət hissi yaranıb. Uzun müddət hökm sürən mütləq monarxiyaya qarşı etirazlar müəyyən yumşalmalar və siyasi islahatlarla nəticələnsə də, bu, köklü problemləri həll etmədi və xalqın həyatına müsbət təsir göstərmədi.
Nəticədə, hakimiyyətin tətbiq etdiyi sosial media qadağası kütləvi etirazlara, iğtişaşlara və qarşıdurmalara səbəb oldu. Hökumət bu qadağaları aradan qaldırsa və güc tətbiq etsə də, cəmiyyəti sakitləşdirmək mümkün olmadı. Hadisələr bir daha göstərdi ki, xalqla məmurlar arasında yaranan dərin uçurum faciələrə gətirib çıxara bilər”.
“İbrət dərsi ola bilər”
Ekspert Nepalda baş verən hadisələrin regiona ciddi təsir göstərəcəyini düşünmür:
“Bu ölkə Çin və Hindistan kimi nəhənglərin arasında sıxılmış vəziyyətdədir. Yeni Dehli və Pekin baş verənlərdən narahat olmasalar da, digər rejimlər üçün bu hadisələr ibrət dərsi ola bilər”.
Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən “WhatsApp”, “Facebook” və “Instagram”, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsasən gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.
Bununla belə, paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.
Sentyabrın 9-da Nepalın Baş naziri Şarma Oli ölkədəki kütləvi iğtişaşlar fonunda istefa verib.
Qiymət Mahir
tag: Əli Orucov,Politoloq,Nepal,Etirazlar,Todaypress.tv,
