Legitimlik yoxdur!” — Sabiq prezident müxalifətlə BİRLƏŞDİ!

Təhlil

28.10.2025 10:44

Gürcüstanın paytaxtı Tbilisidə siyasi gərginlik pik həddə çatıb. 

Oktyabrın 26-da şəhərin mərkəz küçələri müxalifət qüvvələrinin kütləvi yürüşü və parlament qarşısındakı mitinqə şahidlik edib. Aksiyada müxalifət partiyalarının liderləri, vətəndaş hərəkatları, habelə Avropa İttifaqına inteqrasiya xəttinə dəstək verən fəalların saxlanılan və ya məhkum edilən üzvlərinin ailələri iştirak ediblər.

Aksiyaya Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də qoşulub. O, tərəfdarlarına müraciət edib və etirazları davam etdirməyə səsləyib:


“Seçkilərdən bir il keçməsinə baxmayaraq, "Gürcü Arzusu" nə beynəlxalq, nə də daxili səviyyədə legitimlik qazana bildi. Gürcüstanın gələcəyi — yeni siyasi məkan, yeni cəmiyyət və yeni seçkilərdir. Biz burada bunun naminə dayanmışıq”.

Zurabişvilinin bu çıxışı yerli ekspertlər tərəfindən “müxalifətlə tam açıq ittifaqa keçid” kimi qiymətləndirilir.

Gürcüstandakı siyasi gərginliyin sonu necə görünür?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Polad Mehdiyevin sözlərinə görə, hazırkı şəraitdə Gürcüstanda siyasi proseslərin istiqaməti iki amildən asılı olacaq: hökumətin kompromisə meyli və müxalifətin təşkilatlanma bacarığı.


Əgər tərəflər dialoq yolunu tapsalar, bu, həm daxili sabitliyə, həm də Avropa İttifaqı ilə inteqrasiyaya müsbət təsir göstərə bilər. Amma təzyiq və həbslərin davamı siyasi böhranı dərinləşdirə, ölkəni beynəlxalq təcridə sala bilər.

Ekspertin fikrincə, Azərbaycan baxımından Gürcüstandakı hadisələr strateji əhəmiyyət daşıyır:


“Hər iki ölkə arasında sıx enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənubi Qaz Dəhlizi və digər regional layihələrin davamlı fəaliyyəti məhz Gürcüstandakı sabit mühitdən asılıdır. Gürcüstanda yaşayan azərbaycanlı icmanın rifahı və hüquqlarının qorunması da sabit siyasi sistemdən asılıdır. Buna görə də Azərbaycan Gürcüstanın Avropa inteqrasiyası kursunu və demokratik inkişafını dəstəkləməkdə maraqlıdır”.

Analitik Tbilisidəki hadisələrin Cənubi Qafqazda yeni siyasi balansın formalaşmasına təsir göstərə biləcəyini düşünür. Onun qənaətincə, Gürcüstan sabit və istiqrarlı qalarsa, Azərbaycanla strateji tərəfdaşlıq daha da güclənəcək; əks halda, regionda risklər və qeyri-müəyyənliklər arta bilər.


“Tbilisidə etirazların yenidən alovlanması Gürcüstan siyasətində yeni mərhələ açıb. Aksiyaların miqyası və keçmiş prezident Salome Zurabişvilinin müxalifətlə açıq şəkildə eyni cəbhədə dayanması ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirib. Etirazçılar “Gürcü Arzusu” hökumətini legitim saymır, yeni seçkilər və Avropa İttifaqına inteqrasiyanın bərpasını tələb edirlər. Hökumət isə bu yürüşləri “dövlət nizamına qarşı təxribat” kimi qiymətləndirir və bəzi müxalifət liderlərinə qarşı cinayət işi açıb.

Bu vəziyyət Gürcüstanın daxili sabitliyinə və beynəlxalq imicinə ciddi təsir göstərə bilər. Əgər tərəflər dialoqa gedə bilsələr, gərginlik seçkilərin yenilənməsi və siyasi sistemin liberallaşması ilə nəticələnə bilər. Amma qarşıdurma dərinləşərsə, ölkənin inteqrasiyası prosesi ləngiyəcək və regionda qeyri-sabitlik yarana bilər”, - deyə Polad Mehdiyev fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

tag: Polad Mehdiyev,Siyasi şərhçi,Gürcüstan,Etirazlar,Todaypress.tv,