Vaşinqtonda sülh müzakirəsi: ABŞ Cənubi Qafqazda yeni rol alır?
Təhlil
22.12.2025 17:59
ABŞ-də Azərbaycanın səfiri Xəzər İbrahim və Ermənistanın səfiri Narek Mkrtçyan Vaşinqtonda “Tramp Marşrutu” – “Trump Route for International Peace and Prosperity” (TRIPP) təşəbbüsünə həsr olunmuş dəyirmi masada iştirak ediblər. Tədbir “United States–Azerbaijan Chamber of Commerce” tərəfindən təşkil olunub və region ölkələrinin səfirləri ilə yanaşı, ABŞ hökumətinin yüksək rütbəli nümayəndələrini bir araya gətirib.

Müzakirələrdə TRIPP-in Orta Dəhliz boyunca regional əlaqələrin gücləndirilməsi və ABŞ-nin uzunmüddətli iqtisadi mövcudluğunun təmin edilməsində rolu ön plana çəkilib. ABŞ Dövlət Departamentinin rəsmisi Vinay Çavla bildirib ki, TRIPP avqustda ABŞ administrasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh razılaşmasının dayanıqlığını möhkəmləndirməyə xidmət edir. Tərəflərin eyni platformada bu təşəbbüsü müzakirə etməsi regional əməkdaşlıq baxımından diqqətçəkən siyasi siqnal kimi qiymətləndirilir.
TRIPP təşəbbüsünün Azərbaycan və Ermənistan səfirlərinin iştirakı ilə Vaşinqtonda açıq şəkildə müzakirə olunması nəyi göstərir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin mahiyyəti, adı nə olursa-olsun, Zəngəzurdan keçəcək dəhlizin açılması üzərində qurulub və bu məsələ prosesin taleyini müəyyənləşdirən əsas faktordur:

“Azərbaycan Ermənistanla TRIPP adlı dəhliz üzrə razılığa gəlibsə, bu, sülh prosesində həlledici rol oynayır. Qalan bütün məsələlər isə mahiyyət etibarilə ikinci dərəcəli əhəmiyyət daşıyır”.
Politoloqun sözlərinə görə, regiona ABŞ-nin gəlişi və bu layihənin əsas tərəflərindən biri kimi çıxış etməsi ilk baxışdan gərginlik mənbəyi kimi qiymətləndirilsə də, əslində bu, Cənubi Qafqazın gələcəyi üçün vacib şərtdir:
“Bu proses İran və Rusiya tərəfindən qısqanclıqla qarşılansa da, ABŞ-nin layihədə iştirakı regionda geosiyasi balans yaradır və güc amilinin tədricən iqtisadi amillərlə əvəz olunmasını şərtləndirir”.
Azər Qasımov qeyd edib ki, bölgədə üz-üzə dayanan qüvvələr siyasi çəki və hərbi potensial baxımından fərqləndiyi üçün ABŞ bu konfiqurasiyada çəkindirici amil rolunu oynayır:
“ABŞ-nin bu prosesdə iştirakı qarşıdurma risklərini azaldır və tərəfləri daha rasional qərarlara sövq edir”.
Ekspert əlavə edib ki, müqavilə şərtlərinə əsasən ən azı 99 il müddətinə regiona daxil olan ABŞ Cənubi Qafqazda tamamilə yeni geosiyasi vəziyyət formalaşdırır:
.jpg)
“Bu, yeni siyasi konfiqurasiyadır və region ölkələri bu reallıqla işləməyi öyrənməlidirlər. Əks halda, mövcud proseslərin kənarında qalmaq riski ilə üzləşə bilərlər”.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Vaşinqton,Sülh,Todaypress.tv,
