Azərbaycan tranzitdə çəki artırır: Çinə yeni çıxış imkanı

Təhlil

05.12.2025 18:07

Naxçıvanda Ermənistanla sərhəd xəttində – Ordubadın Salamməlik stansiyası ərazisində 188 km-lik dəmiryolunun yenidən qurulmasına start verilib. Layihə tam modernləşdirilmiş dəmir yolu şəbəkəsinin yaradılmasını nəzərdə tutur və tamamlandıqdan sonra illik yükötürmə gücü 15 milyon tona çatacaq. Bu prosesin TRIPP razılaşması və Zəngəzur dəhlizinin Orta və Şimal–Cənub dəhlizlərində inteqrasiya rolunu daha da gücləndirəcəyi deyilir.    


Bəs bu nəqliyyat-kommunikasiya xəttlərinin açılması prosesinə necə təsir göstərə bilər və bu infrastruktur addımı tərəflərin gələcək danışıqlarına hansı praktiki nəticələri verə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü ilə formalaşan mühüm nəqliyyat layihəsidir:


 "Zəngəzur dəhlizi olduqca geniş imkanlara malik olan mühüm bir nəqliyyat infrastrukturu kimi nəzərdə tutulubdur. Və bu ideyanın gerçəkləşdirilməsi 2020-ci ildə start götürdü. Biz Vətən müharibəsində tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdik. Və Azərbaycan Prezidentinin iradəsi ilə Zəngəzur dəhlizi ideyası meydana gəldi".

O qeyd edib ki, Zəngəzur dəhlizi böyük yük axını yaradacaq yeni nəqliyyat xəttidir:

"Zəngəzur dəhlizi sadəcə olaraq Azərbaycanın materik hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat xətti kimi nəzərdən keçirilmir. Bu, böyük bir coğrafiyada yeni nəqliyyat kommunikasiya reallıqlarını formalaşdıracaq bir layihədir. Və Azərbaycan Prezidentinin oktyabr ayında Qazaxıstanda səfərdə olan zaman səsləndirdiyi kimi, Zəngəzur dəhlizinin yük ötürücülük qabiliyyəti 15 milyon ton təşkil edəcəkdir. Və 2028-ci ilin sonuna qədər bu layihənin tam, deməli, reallaşdırılması nəzərdə tutulur".

Analitik vurğulayıb ki, dəhliz Azərbaycanın tranzit çəkisini artırır:


"Hər şeydən öncə qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi həm Türkiyə ərazisində, həm Naxçıvan Muxtar Respublikası ərazisində, həm də Azərbaycan Respublikasının əsas ərazisində mühüm komponentləri sayəsində ərsəyə gələcək olduqca strateji əhəmiyyətli bir layihədir. Bu, bütövlükdə Avrasiya məkanında tamam yeni geosiyasi, geoiqtisadi konfiqurasiyanın formalaşmasına təsir edəcək bir layihədir. Zəngəzur dəhlizi Azərbaycanın mühüm tranzit mərkəzi statusunu daha da möhkəmləndirəcəkdir. Və bu, Avropa bazarlarına yeni çıxış imkanlarını təmin edəcək".

Ekspert əlavə edib ki, dəhliz, həmçinin Türkiyədən Çinə uzanan marşrutu genişləndirərək Orta Dəhlizin əhəmiyyətini artırır:

"Türkiyədən start götürərək, Naxçıvan-Azərbaycan üzərindən keçməklə Orta Dəhliz boyunca deməli, Çinə yeni bir çıxış imkanı əldə olunur. Eyni zamanda, Zəngəzur dəhlizi gələcəkdə tarixi İpək yolunun mühüm komponentini təşkil edə bilər. Orta Dəhliz və Şimal-Qərb nəqliyyat dəhlizinin mühüm komponentini təşkil edəcəkdir. Göründüyü kimi, Zəngəzur dəhlizi, deməli, çoxşaxəli nəqliyyat arteriyasını formalaşdırır. Bu, bütövlükdə həm Azərbaycanın ərazisində, həm də digər istiqamətlərdə geniş, deməli, vektorlu nəqliyyat-logistika imkanlarını təqdim edir".

E. Mirbəşiroğlu hesab edir ki, Zəngəzur dəhlizi 21-ci əsrin ən strateji əhəmiyyətli, ən effektiv nəqliyyat-logistika layihələrindən biridir. Və bu, deməli, dəhliz böyük bir coğrafiyada çoxsaylı xalqların, ölkələrin bəhrələnəcəyi bir layihə olacaqdır. Bu, dünya iqtisadiyyatına çox mühüm bir töhfə verəcəkdir. Dünyanın böyük təchizat bazarlarında, yəni əsasən Avropanı nəzərdə tuturam, yeni, deməli, iqtisadi reallıqları formalaşdıracaqdır. Və bütün bu proseslərin mərkəzində də Azərbaycan Respublikası dayanmaqdadır.


Politoloq sonda əlavə edib ki, Zəngəzur dəhlizi Azərbaycanın siyasi və iqtisadi təsir dairəsini genişləndirir: 

"Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizi təkcə Cənubi Qafqaz regionunda deyil, Avrasiya kimi böyük bir coğrafiyada tamam yeni siyasi və iqtisadi reallıqları formalaşdırmaqla, həm də yeni əməkdaşlıq imkanlarını yaratmış olacaq. Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizi ideyasının tam reallaşdırılması Azərbaycanın təkcə yerləşdiyimiz coğrafiyada deyil, böyük bir coğrafiyada siyasi çəkisini və iqtisadi təsir imkanlarını, əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmiş olacaq".

 Jalə Rövşən

TodayPress TV

tag: Elşad Mirbəşiroğlu,Politoloq,Azərbaycan,Çin,Todaypress.tv,