Adına Bakıda küçə var, Ermənistanda isə onu xatırlayan çoxları – Şirin Mirzəyevi minaya necə saldılar?

Adına Bakıda küçə var, Ermənistanda isə onu xatırlayan çoxları – Şirin Mirzəyevi minaya necə saldılar?
18.06.2026 16:18 Təhlil

Uşaq vaxtı ən böyük arzusu aktyor olmaq, səhnəyə çıxmaq idi. İncəsənətə, bədii sözə elə bir sevgisi vardı ki, illər sonra müharibənin qanlı-qadalı günlərində, səngərdə şəhid olanda da çantasından Mirzə Ələkbər Sabirin “Hophopnamə”si çıxacaqdı. Amma tale onun üçün tam başqa səhnə hazırlamışdı.

Şirin Vəli oğlu Mirzəyev. Azərbaycanın ilk nizami ordusunun qurucusu, əfsanəvi polkovnik-leytenant.


Onun ömür yolu 5 yanvar 1947-ci ildə Xankəndidə başladı. Əslən Şuşanın Mirzələr kəndindən olan bu ailənin övladı elə Xankəndidəki Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bitirdi. Həyat onu incəsənət salonlarından hərbi poliqonlara apardı. 1966-cı ildə Bakıda Daxili Qoşunların hərbi hissəsində başlayan xidmət, Şirin Mirzəyevi peşəkar hərbçi kimi yetişdirdi. Leninqrad Ali Siyasi-Hərbi Məktəbinə daxil oldu və 1971-ci ildə oranı uğurla bitirdi. Sonra təyinatla beş il İrəvanda xidmət etdi, ardınca yenidən Bakıya qayıdaraq Daxili Qoşunlarda uzunmüddətli zabitlik fəaliyyətini davam etdirdi. Təhsilini və hərbi savadını durmadan artıran gənc zabit 1988-ci ildə Moskva Ali Hərbi Siyasi Akademiyasını bitirdi və 1990-cı ilin oktyabrında polkovnik-leytenant rütbəsinə yüksəldi.

Amma 1991-ci ilin əvvəllərində Qarabağda alovlanan tonqal, doğulub böyüdüyü torpaqların işğal təhlükəsi Şirin Mirzəyevi sovet ordusundakı parlaq karyerasını bir anda silib atmağa məcbur etdi. Çiyinlərindəki sovet rütbələrindən və rahatlığından imtina edərək Vətənin harayına gəldi. 1991-ci ilin payızında Ağdama ayaq basanda hər yerdə xaos, pərakəndəlik və könüllü dəstələrin koordinasiyasızlığı hökm sürürdü. Hər cür maneələrə, təqiblərə və bürokratik çətinliklərə baxmayaraq, respublikada ilk nizami özünümüdafiə batalyonunu yaratmaq üçün gecəsini gündüzünə qatdı. Müdafiə naziri Valeh Bərşadlının 12 noyabr 1991-ci il tarixli əmri ilə o, Ağdam ərazi özünümüdafiə taborunun komandiri təyin edildi. Qısa müddətdə peşəkarlığına və dürüstlüyünə inanan 1200-dən çox könüllü taborun ətrafında birləşdi, rayonun yerli dəstələri vahid komandanlığa tabe edildi və bu qüvvə sonradan böyük bir alay səviyyəsinə qaldırıldı.

836 saylı hərbi hissənin daxilində Şirin Mirzəyev əsl nizami ordu ab-havası yaratmışdı. Əsgərlərinə ata kimi yanaşır, dərdinə şərik olurdu. Amma döyüş vaxtı hamıdan qabaqda, ən ön xətdə məhz özü dayanırdı. Onun strateji zəkası və hərbi dühası sayəsində Fərrux yüksəkliyi, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz və Naxçıvanik kimi strateji kəndlər düşməndən azad edildi, ermənilərin hücum xətləri darmadağın olundu. Şirin Mirzəyev o dövrün ümidsizlik çökmüş mühitində xalqa qələbə sevinci daddıran nadir sərkərdələrdən idi.

Həyat yoldaşı Flora Qasımova ilə 1976-cı ildə qurduğu ailədə bir oğul və bir qız övladı böyüyürdü. Flora xanım sonralar parlamentdə millət vəkili olaraq da fəaliyyət göstərəcək, ömür-gün yoldaşının adını, irsini uca tutacaqdı. Amma Şirin Mirzəyevin ömrü o qələbələrin sonunu görməyə yetmədi.

18 iyun 1992-ci il... Talehin amansız ironiyasıdır ki, illər sonra eyni gündə — 18 iyunda başqa bir qəhrəmanımız Mübariz İbrahimov şəhadətə qovuşacaqdı.


Sırxavənd istiqamətində növbəti döyüş əməliyyatından, mövqeləri yoxladıqdan sonra geri qayıdan komandirin xidməti hərbi “UAZ” markalı avtomobili Ağdamın Yeni Qaralar kəndi yaxınlığında minaya düşdü. Partlayış nəticəsində Şirin Mirzəyevlə bərabər onun qardaşı oğlu Mübariz Mirzəyev və əmisi nəvəsi Araz Mirzəyev də şəhidlik mərtəbəsinə ucaldı. Sonralar bəzi hərbçilər və şahidlər bu ölümün arxasında müəmmalı məqamların olduğunu, minanın avtomobilə qabaqcadan quraşdırıldığını iddia etsələr də, rəsmi versiya düşmən tərəfindən basdırılmış mina partlayışı olaraq qaldı. Şirin Mirzəyev Bakıda, Şəhidlər Xiyabanında sonsuz izdiham və ehtiramla torpağa tapşırıldı.

16 sentyabr 1994-cü ildə polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Amma onun üçün ən böyük mükafat yəqin ki, adının bu gün Bakının küçələrində, vaxtilə can qoyduğu 836 saylı hərbi hissənin həyətində ucalan abidəsində və hərbi jurnalist İbrahim İbadoğlunun onun üçün yazdığı "Sərkərdə" kitabının sətirlərində yaşamasıdır. Bu ad o qədər böyüdü ki, sərhədləri də aşdı — 2021-ci ildə Türkiyənin Bursa şəhərində onun xatirəsinə gözəl bir park salındı. Haqqında sənədli filmlər çəkildi, xatirələr yazıldı...

Şirin Mirzəyev xalqın yaddaşında ölkənin ən çətin günündə rahat karyerasını, rütbəsini buraxıb gələn, ilk nizami ordunun təməlini qoyan əfsanəvi sərkərdə kimi qaldı. Elə bir sərkərdə ki, əsgərinin çantasında onun dürüstlük dərsi, öz çantasında isə yarımçıq qalmış aktyorluq arzusu və bir də "Hophopnamə"si vardı...

Qiymət Mahir

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər