Türkiyə nümayəndə heyəti Sosial Xidmətlər Agentliyində oldu

Sosial

27.05.2025 14:44

2

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Əlillər və Yaşlılara Xidmət Baş İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev qonaqlara Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Bildirilib ki, Agentlik fəaliyyət göstərdiyi beş ilə yaxın müddətdə həssas əhali qruplarını səyyar, stasionar və yarımstasionar formada müxtəlif sosial xidmətlərlə təmin edib. 

Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza keyfiyyətli və fasiləsiz sosial xidmətlər göstərilməsi məqsədilə mühüm addımlar atılıb və müxtəlif layihələr icra edilib. 

Nümayəndə heyəti son illər ölkəmizdə həyata keçirilən sosial layihələr, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əlilliyi olan şəxslərin sosial reabilitasiyası ilə bağlı görülən işlər barədə məlumatlandırılıb. 

Sonda göstərilən xidmətlərə və gələcək əməkdaşlığa dair fiikir mübadiləsi aparılıb.

tag: Türkiyə,Nümayəndə,Bakı,Agentlik,Todaypress.tv,