Tıxac probleminə çıxış yolu: Tramvay xətləri bərpa oluna bilər?
Sosial
17.10.2025 16:03
Hər gün yüzlərlə insan istər şəxsi, istərsə də ictimai nəqliyyatda tıxac və sıxlıq problemi ilə üzləşir.
Bu, paytaxtda və iri şəhərlərdə artıq xroniki problemə çevrilib.
Bəs bu sıxlığın qarşısını almaq üçün tramvay xətlərinin bərpası çıxış yolu ola bilər?
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, tramvaylar yerüstü nəqliyyat sisteminin əsas elementi sayılır və bu nəqliyyat vasitələrinin mövcudluğu şəhərin inkişaf səviyyəsini göstərir.
"Ümumiyyətlə, tramvay və trolleybusların işləməsi şəhər infrastrukturunun və mədəniyyətinin əsas göstəricisidir. Necə ki, metro yeraltı daşımanın əsas vasitəsidirsə, tramvay da yerüstü daşımanın başlıca predmetidir".
Ekspert bildirib ki, bir vaxtlar tramvay və trolleybus xətləri Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və digər böyük şəhərlərdə sərnişin daşımada mühüm rol oynayırdı:
"Bu gün həmin xətlər mikroavtobus və avtobus marşrutları ilə əvəz olunub. Amma bu, daşınmada sıxlıq və koordinasiya problemlərinin yaranmasına səbəb olub. Tramvayların bərpası həm ekoloji baxımdan təmiz, həm də daha təhlükəsiz nəqliyyat forması kimi alternativ ola bilər", - deyə Aslan Əsədov qeyd edib.
Türkan İsgəndərli
tag: Aslan Əsədov,Ekspert,Tıxac,Tramvay,Todaypress.tv,
