Reabilitasiya məqsədilə Azərbaycana gətirilən ukraynalı uşaqlara hansı xidmətlər göstərilir? - AÇIQLANDI

Sosial

05.08.2025 16:33

Ukraynada davam edən müharibədən zərər çəkmiş daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin olunmaq üçün Azərbaycana gətirilib.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən bu humanitar təşəbbüs çərçivəsində uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqramda iştirak edəcəklər.

Proqram çərçivəsində azyaşlılara tibbi, sosial və psixoloji reabilitasiya xidmətləri göstəriləcək. Eyni zamanda peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası kimi məşğələlər təşkil olunacaq. Məqsəd uşaqların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyalarına dəstək göstərməkdir.

Reabilitasiya prosesi ilə yanaşı, uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, həmçinin tarixi-memarlıq abidələrinə ekskursiyalar da nəzərdə tutulub.

Qeyd edək ki, bu təşəbbüs çərçivəsində indiyədək Azərbaycana gətirilən əvvəlki 7 qrupla birlikdə ümumilikdə 200-dən çox ukraynalı uşaq reabilitasiya xidmətləri ilə əhatə olunub.

Türkan İsgəndərli

tag: Ukrayna,ƏƏSMN,Uşaq,Reabilitasiya,Todaypress.tv,