Qəfil ölümə tutulmamaq üçün nə etmək lazımdır? - Həkimdən məsləhətlər

Sosial

23.10.2025 15:54

Son illər Azərbaycanda qəfil ölüm hallarının, xüsusilə də kişilər arasında bu hallarının artması müşahidə olunur. 

Belə ki, 22 oktyabr tarixində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin vəfat edib.

Ondan əvvəl isə tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib. 

Məlumata görə, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və ölüb.

Bəs qəfil ölümlərə səbəb nədir?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, ailədaxili gərginlik, səbrsizlik və emosional idarəetmənin zəifləməsi insanların sinir sisteminə ciddi təsir göstərir və bu da bəzən qəfil sağlamlıq fəsadları ilə nəticələnə bilir:

"İnsanlarda son illər emosional gərginlik artıb. Problemlər çox zaman sakit və təmkinlə həll edilmir. Daxili əsəb gərginliyi və emosional balansın pozulması sinir sisteminə mənfi təsir göstərərək orqanizmin ümumi fəaliyyətini zəiflədir. Bakıdakı havanın çirklənməsi, siqaret istifadəsi və qeyri-sağlam qidalanma vərdişləri də qəfil infarkt və digər ölüm hallarının əsas səbəblərindən biridir. Havanın çirklənməsi nəticəsində qanda toksik maddələr artır, bu da orqanların qidalanmasını pozur. Siqaret qanın qatılaşmasına, infarkt və insult riskinin yüksəlməsinə gətirib çıxarır. Unutmaq olmaz ki, siqaret, həmçinin ağciyər xərçənginin əsas səbəblərindəndir".

Həkim ayaqüstü və qeyri-sağlam yemək vərdişlərinin də orqanizmə uzunmüddətli zərər verdiyini vurğulayıb:

"Ayaqüstü yeməklər mədə-bağırsaq sisteminin normal fəaliyyətinə mane olur. Tez hazırlanan qidalar çox vaxt trans yağlarla bişirilir, eyni yağ bir neçə dəfə qızdırılır və bu da orqanizmdə toksinlərin toplanmasına, nəticədə isə onkoloji xəstəliklərin yaranmasına səbəb olur".

Dosent qeyd edib ki, bu problemlərin qarşısını almağın əsas yolu insanın hər bir davranışına düşünərək yanaşmasıdır:

"Hər kəs öz hərəkətlərinə qiymət verməlidir: bu vərdiş və davranış mənim sağlamlığıma xeyirdirmi, yoxsa zərərli? Yalnız düşünülmüş və balanslı həyat tərzi qəfil sağlamlıq problemlərinin qarşısını ala bilər", - deyə Aydın Əliyev fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aydın Əliyev,Dosent,Qəfil,Ölüm,Todaypress.tv,

photo