Nəqliyyatda qiymət artımı: Xidmət keyfiyyəti yüksələcək?

Sosial

29.09.2025 16:25

İstər metro, istərsə də avtobuslarda tətbiq edilən yeni qiymətlər sərnişinlər arasında geniş müzakirələrə səbəb olub.

Bir qrup insan qiymət artımının xidmət keyfiyyətinə təsir göstərəcəyini düşünürsə, digərləri bunun real nəticə verməyəcəyini qeyd edir.

Əsas sual isə dəyişikliklərin sıxlıq problemini aradan qaldırıb-qaldırmayacağı ilə bağlıdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, qiymət artımı gözlənildiyi qədər yüksək olmayıb və dövlət sosialyönümlü siyasətini qoruyaraq daha yumşaq addım atıb.

"Daşıyıcı şirkətlər uzun müddətdir qeyd edirlər ki, mövcud daşınma qiymətləri onlara sərf etmir. Onlar dəfələrlə gediş haqqının daha çox artırılmalı olduğunu vurğulayırdılar. Lakin dövlət sosialyönümlü siyasətini davam etdirərək qiymət artımını minimum həddə saxladı".

Ekspertin sözlərinə görə, bu addım sərnişindaşıma xidmətinin keyfiyyətinə müsbət təsir göstərəcək:

"Yeni qiymətlər yalnız müasir tələblərə cavab verən, ekoloji cəhətdən təmiz və daha rahat avtobusların gətirilməsinə şərait yaradacaq. Bu, həm sərnişinlərin rahatlığına, həm də xidmət səviyyəsinin yüksəlməsinə müsbət təsir etməlidir", - deyə Eldəniz Cəfərov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nəqliyyat,Qiymət artımı,Keyfiyyət,Sosial,Todaypress.tv,

photo