Mühərrik yağı, akkumulyator, antifriz: Qış üçün avtomobil yoxlaması necə aparılmalıdır?
Sosial
23.10.2025 15:51
Havanın soyuması ilə birlikdə avtomobillərdə texniki nasazlıqların artması müşahidə olunur. Qış mövsümünə hazır olmayan avtomobillər təkcə yol təhlükəsizliyinə deyil, həm də sürücünün cibinə ciddi zərər vura bilər.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan avtomobil ustası Nofəl Səmədov deyib ki, qışa hazırlıq üçün ən vacib addım mühərrik yağı, akkumulyator və antifrizin vəziyyətinin yoxlanılmasıdır.
Onun sözlərinə görə, qış mövsümünə keçid ərəfəsində sürücülər avtomobillərinə xüsusi diqqət yetirməlidirlər.
"Qışda aşağı viskozitəli, yəni daha axıcı yağdan istifadə olunmalıdır. Yağ filtri hər dəyişmədə yenilənməlidir. Akkumulyatorun gərginliyi işlək vəziyyətdə 13.5-14.5 volt olmalı, terminallarda oksidləşmə varsa təmizlənməlidir".
Usta əlavə edib ki, antifrizin donma temperaturu -35°C civarında olmalı, bulanıqlıq müşahidə olunarsa, dəyişdirilməlidir. Radiator xortumlarında qabarma və çatlar varsa, təmir və ya dəyişiklik qaçılmazdır.
O, yanacaq, hava filtrləri, alışdırma şamları, təkərlər və amortizator sisteminin diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb:
"Qışda köhnə yanacaq filtri mühərrikin işinə təsir edir, buna görə təzə filtr və keyfiyyətli yanacaqdan istifadə vacibdir. Qış təkərlərinin diş dərinliyi minimum 4 millimetr olmalıdır, təzyiq isə həftədə bir dəfə yoxlanmalıdır. Qapı rezinlərinə silikon spreylə qulluq edilməməsi və işıq sistemlərinin baxımsız qalması da qışda ciddi narahatlıq yarada bilər. İşıqlar, duman faraları və sensorlar isə təmiz saxlanmalıdır", - deyə Nofəl Səmədov qeyd edib.
Türkan İsgəndərli
tag: Nofəl Səmədov,Avtomobil ustası,Mühərrik yağı, akkumulyator, antifriz,Todaypress.tv,
