Kimlər daha tez pensiyaya çıxacaq? – AÇIQLANDI
Azərbaycanda bəzi vətəndaşlar pensiyaya daha tez çıxa biləcək.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bir sıra sosial kateqoriyalara aid olan vətəndaşlar üçün pensiya yaşının azaldılması nəzərdə tutulub. Qanunun 8-ci maddəsində uşaqlarla bağlı, 9-cu maddəsində isə digər güzəştli şərtlərlə pensiya hüququ olan şəxslər əhatə olunub.
"Valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülən uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan, yaxud əlilliyi olan uşaq böyüdən qadınlar 59 yaşında, kişilər isə 60 yaşında pensiyaya çıxa bilərlər".
Bundan başqa, yeraltı, zərərli və ağır əmək şəraitində çalışanlar üçün də güzəştlər mövcuddur. Belə ki, bu sahədə kişilər azı 12 il 6 ay, qadınlar isə azı 10 il işlədikdə pensiyaya çıxma yaşı 5 il azaldılır.
Vüqar Bayramov həmçinin bildirib ki, hipovizqanizm (liliput) və fizioloji mütənasibliyi pozulan cırtdanboy şəxslərin sığorta stajı azı 5 il olduqda, onlar üçün pensiya yaşı 20 il azaldılır.
"Mülki aviasiya sahəsində çalışanlar, o cümlədən uçuş və uçuş-sınaq heyəti üzvləri də güzəştli pensiya hüququna malikdirlər. Bu şəxslər azı 25 il stajla 15 il tez, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslər isə 20 il stajla eyni hüquqdan faydalana bilirlər. Dövlət sektorunda, xüsusilə prokurorluq, hərbi xidmət və ədliyyə orqanları kimi sahələrdə çalışanlara da qulluq müddətindən asılı olaraq güzəştli pensiya hüquqları təqdim olunur".
Sonda Vüqar Bayramov pensiya islahatlarının dərinləşdirilməsinin və yalnız kəmiyyət deyil, keyfiyyət göstəricilərinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.
Türkan İsgəndərli
tag: Pensiya,Yaş,Vüqar Bayramov,Deputat,Todaypress.tv,