Həqiqəti göstərən kameranın sahibi: Çingiz Mustafayevin doğum günüdür
Sosial
29.08.2025 13:53
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin anadan olmasından 65 il ötür. O, 1960-cı il avqustun 29-da Rusiya Federasiyasının Həştərxan vilayətindəki Kapustin-Yar kəndində hərbçi ailəsində dünyaya göz açıb.
TodayPress TV xəbər verir ki, Çingiz Mustafayev gənclik illərində Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub, sonra isə Azərbaycan Tibb İnstitutunu bitirərək həkim kimi fəaliyyətə başlayıb.
1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.
Qarabağ müharibəsi başlayanda Ç.Mustafayev kamera arxasına keçib. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərsə də, tətbiq olunan senzura onu daha geniş addımlar atmağa vadar edib. Beləliklə, Çingiz, “215 KL” studiyasını yaradıb. Studiyanın hazırladığı reportajlar cəbhə xəbərlərinin başlıca mənbəyinə çevrilib.
Onun çəkdiyi reportajlar yalnız Azərbaycanın daxilində deyil, ABŞ və Avropanın aparıcı media qurumlarında da yayımlanaraq ölkəmiz haqqında informasiya blokadasını yarıb. Ən mühüm işlərindən biri isə Xocalı soyqırımını bütün dəhşəti ilə dünyaya çatdırması olub. Bu kadrlar Ermənistanın beynəlxalq imicinə ciddi zərbə vurub.
Çingiz Mustafayev sadəcə bir reportyor deyildi. Döyüş bölgələrində bəzən əsgər, bəzən zabit, hətta komandan kimi davranırdı. Əsgərlərin geri çəkildiyi anlarda onların qarşısına çıxaraq sərt göstərişlər verməsi Azərbaycan televiziya tarixində ən dramatik səhnələrdən biri kimi yadda qalıb.
O, Qarabağ müharibəsinin ilk illərinin canlı salnaməsini yazdı. Əsgərlər haqqında hazırladığı reportajlar, cəbhədən gətirdiyi operativ xəbərlər və siyasi proseslərə dair çəkilişləri ilə dövrün tarixi yaddaşını formalaşdırdı.
Ç.Mustafayev 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş apararkən mərmi qəlpəsi ilə həlak olub. Həmin an kameranı belə söndürməyib. Onun ölümü həm jurnalistika, həm də Azərbaycan cəmiyyətinin ən ağır itkisi oldu.
Çingiz Mustafayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Bu gün onu qürurla anırıq. Allah rəhmət etsin!
Qiymət Mahir
tag: Çingiz Mustafayev,65 il,Doğum günü,Milli Qəhrəman,Todaypress.tv,