Fitnes proqramları psixi sağlamlıq üçün risklidir
Sosial
22.10.2025 19:30
Məşhur kalori sayan və məşq izləmə proqramlarının istifadəsi bəzi insanlarda mənfi emosional reaksiyalara səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, yeni bir araşdırmaya görə, bu cür tətbiqlər istifadəçilərdə tez-tez günahkarlıq, məyusluq və utanc hissi doğurur.
Bu emosiyalar motivasiyanın azalmasına, bəzən isə tətbiqlərdən və fitness məqsədlərindən tamamilə imtina ilə nəticələnə bilər.
Aparılan tədqiqat zamanı sosial mediada minlərlə mənfi paylaşım təhlil edilib. Nəticələr göstərib ki, istifadəçilər qeyri-sağlam hesab etdikləri qidalardan sonra utanır, daimi bildirişlərdən narahat olur və yavaş irəliləyiş səbəbilə ruhdan düşürlər.
Mütəxəssislər hesab edir ki, bu proqramlar çox vaxt yalnız rəqəmlərə - kalori, addım sayı və çəki kimi göstəricilərə diqqət yetirir, lakin istifadəçilərin emosional və psixoloji rifahını nəzərə almır. Onlar bildirirlər ki, bu cür dar yanaşma sağlamlıq səylərini davam etdirməkdə çətinlik yarada bilər.
Tədqiqatçılar proqram tərtibatçılarını yanaşmalarını dəyişməyə çağırırlar. Onların fikrincə, tətbiqlər fiziki fəaliyyətin və ümumi rifahın təşviqinə, istifadəçilərin özlərinə qarşı daha mərhəmətli və anlayışlı olmasına kömək etməlidir. Utanc və özünü günahlandırma əvəzinə, müsbət yanaşma və emosional dəstək daha davamlı və sağlam nəticələrə gətirib çıxara bilər.
Türkan İsgəndərli
tag: Kalori,Emosional,Proqram,Fitnes,Todaypress.tv,
