Əlilliyi olan gənclərimiz beynəlxalq musiqi festivalında uğur qazandılar

Sosial

28.07.2025 17:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclər beynəlxalq mükafata layiq görülüblər. 

TodayPress TV xəbər verir ki, mərkəzin benefisiarları Elnur Abbasov və Mətanət Babayeva Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş “Iveria - Diamond” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanı uğurla təmsil ediblər.

20-dən çox ölkənin iştirak etdiyi bu tədbirdə təmsilçilərimiz III yerə yüksəliblər. 

Artıq yeddinci ildir keçirilən və dünya üzrə rəğbət qazanan mədəni platformalardan biri olan beynəlxalq festivalın məqsədi əlilliyi olan şəxslərin incəsənətə inteqrasiyası, onların yaradıcı potensialının dəstəklənməsi və sosial inklüzivliyin təşviqidir. 

Müsabiqədə iştirakçıların sərbəst çıxışları, musiqi nömrələri və ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Əldə etdikləri uğura görə gənclərimiz bürünc medal və diplomla təltif olunublar.

Onlar həmçinin “Beynəlxalq Musiqi Festivalı Diplomatı” adına layiq görülərək dünyanın istənilən beynəlxalq musiqi festivalında iştirak etmək hüququ qazanıblar.

tag: ƏƏSMN,Əlillik,Gənclər,Uğur,Todaypress.tv,

photo
photo
photo
photo