Əli Məsimli: "Əhalinin ərzaq xərcləri artır"
2025-ci ilin ilk dörd ayında əhalinin pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarına, 4,9 faizi içkilər və tütün məmulatlarına, 13,3 faizi geyim və ayaqqabılara, 30,6 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Əli Məsimli bildirib.
Onun sözlərinə görə, əhali bir nəfər üzrə ayda orta hesabla 449,8 manatlıq mal alıb ki, bu da 2024-cü illə müqayisədə 58,2 manat və ya 13 faiz azalmadır. Ərzaq xərcləri 11 faiz, qeyri-ərzaq xərcləri isə 16 faiz azalıb. Deputatın sözlərinə görə, 2021-ci ildən 2025-ci ilə qədər 4 nəfərlik ailənin aylıq ticarət xərcləri 600 manat artaraq 1800 manata çatıb. Artım alıcılıq qabiliyyətinin yüksəlməsi ilə yox, əsasən inflyasiya ilə bağlıdır.
“2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 106,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,6 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 107,6 faiz təşkil edib. Əslində inflasiya, xüsusən də, bir sıra ərzaq və qeyri-ərzaq mallarının qiymət artımı daha yüksəkdir. İnflyasiyanın artması əlavə mal və məhsul almadan da əhalinin xərclərini artırır, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin güzəranına çox ciddi zərbə vurur”.
Əli Məsimli hesab edir ki, əhalinin güzəranını yaxşılaşdırmaq üçün islahatlar genişləndirilməli, iqtisadi fəallıq artırılmalı və inflyasiyanın qarşısını alan tədbirlər gücləndirilməlidir. O, xüsusilə Rəqabət Məcəlləsinin tətbiqini və onun effektiv işləməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, rəsmi statistika məlumatlarına görə, 2024-cü ildə Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkəsindən aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ötən il ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.
Türkan İsgəndərli
tag: Əli Məsimli,Deputat,Ərzaq,Qiymət Artımı,TodayPress.tv,
