Bakıdan Naxçıvana dəmir yolu xətti açılır: Şərtlər RAZILAŞDIRILDI

Cəmiyyət

18.08.2025 17:22

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdən sonra Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəlib. Bu kontekstdə Bakı-Naxçıvan dəmir yolunun da istifadəyə verilib-verilməyəcəyi müzakirə olunur.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ilkin mərhələdə dəmir yolu xətti üzrə yük daşımalarının həyata keçirilməsi gözlənilir:

“Zəngəzur ərazisindən keçən 43 kilometrlik hissənin tikilərək istifadəyə verilməsi nəticəsində Naxçıvana keçid təmin ediləcək. Eyni zamanda, Naxçıvanda mövcud yolun müasir tələblərə uyğun şəkildə yenilənməsi üçün texniki-iqtisadi əsaslandırma hazırlanıb”. 

Ekspertin fikrincə, layihənin icrası mərhələli şəkildə həyata keçiriləcək:

“İlk mərhələdə yük daşımalarına başlanılacaq. Sonrakı dövrlərdə isə sərnişin daşımalarının təşkili mümkün olacaq. İki ölkə arasında bu istiqamətdə əsas şərtlər razılaşdırılıb. Dəmir yolunun mərhələli şəkildə işə salınması həm iqtisadi, həm də logistik baxımdan daha səmərəli yanaşmadır”.

E.Cəfərov əlavə edib ki, bu layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyətə malikdir:

“Azərbaycanın qitələri birləşdirən nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməsi, eyni zamanda, Naxçıvanın regional mərkəzə çevrilməsi baxımından bu dəhlizin açılması önəmli rol oynayacaq”.

Türkan İsgəndərli

tag: Eldəniz Cəfərov,Ekspert,Bakı,Naxçıvan,Todaypress.tv,

photo