Ekspert kəndlərdəki vəziyyətdən danışdı: “Oturub ağlayan lazımdır...”

Sosial

22.10.2025 16:16

İspaniyada əhali itkisi yaşayan kəndlər gəncləri bölgələrə qaytarmaq üçün müxtəlif proqramlar həyata keçirir. Bu yolla insanların şəhərdənkənar ərazilərdə də iş tapması mümkün olur.

Bəs Azərbaycanda belə təşəbbüslərin göstərilməsi mümkündürmü?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, Azərbaycanda bu cür təşəbbüslərin həyata keçirilməsi hazırda mümkün deyil.

Onun sözlərinə görə, əsas səbəb bələdiyyə institutunun zəif inkişaf etməsidir:

"İspaniyada kəndin özü, yəni bələdiyyə gəncləri cəlb etmək üçün proqramlar həyata keçirir. Bizdə isə bələdiyyələrin nə maliyyə imkanı, nə də real fəaliyyəti var. Açığı, bələdiyyə institutu ölü doğulub və özündən xəbəri yoxdur. Bələdiyyəni qoyub ağlamaq lazımdır. Onlar inkişaf etmədən yerli problemlərin həlli, gənclərin kəndə qaytarılması mümkün deyil".

İqtisadçı əlavə edib ki, kəndlərdə gənclərin yaşamasını təmin edəcək əsas şərt layiqli iş yerlərinin yaradılmasıdır:

"Gəncin kənddən şəhərə köçməsinin birinci səbəbi işsizlikdir. Əmək haqqı, iş imkanları olmadıqca, gənci kənddə saxlamaq çətindir. Bəli, sosial və mədəni amillər də rol oynayır, amma əsas məsələ iqtisadi çətinliklərdir".

Ekspert vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı və bələdiyyə institutunun gücləndirilməsi olmadan regionlarda real dəyişiklik gözləməyə dəyməz.

"Artıq 10 ildən çoxdur ki, hökumət qeyri-neft sektorunu prioritet elan edib, amma nəticə göz qabağında deyil. Yalnız bu iki sahə inkişaf edərsə, kəndlər gənclər üçün yenidən cəlbedici ola bilər", - deyə Xalid Kərimli fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xalid Kərimli,İqtisadçı,Kəndlər,Vəziyyət,Todaypress.tv,

photo