Azərbaycanda 3-cü Peşələr Festivalı keçiriləcək

Sosial

19.08.2025 15:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə üçüncü dəfə Peşələr Festivalı keçiriləcək. 

TodayPress TV xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə baş tutacaq festivalın əsas məqsədi düzgün peşə seçimi barədə məlumatlılığı artırmaq, iştirakçılarda müxtəlif peşələr haqqında əyani təsəvvürlər yaratmaqdır.

Azərbaycanın 11 şəhər və rayonunu əhatə edəcək festivala sentyabrın 17-də Astara rayonunda başlanacaq. Festival aşağıda qeyd edilən şəhər və rayonlarda keçiriləcək:

Astara – 17 sentyabr

Biləsuvar – 19 sentyabr 

Tovuz – 22 sentyabr 

Göygöl – 24 sentyabr

Ağdam – 29 sentyabr 

İmişli – 1 oktyabr 

Ağsu – 3 oktyabr 

Qəbələ – 6 oktyabr 

Ağdaş – 8 oktyabr 

Xaçmaz – 13 oktyabr 

Bakı – 16 oktyabr 

Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunacaq.  

İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq  imkanı qazanacaqlar.

Layihə çərçivəsində qeyd edilən peşələr üzrə ekspertlər tərəfindən təqdimat və vorkşoplar da keçiriləcək.

Festivalda iştirak ödənişsizdir. Peşə seçimində maraqlı olan hər kəsi, xüsusilə də gəncləri və tələbələri festivalda fəal iştiraka dəvət edirik.  

tag: ƏƏSMN,Dövlət Məşğulluq Agentliyi,Peşələr Festivalı ,Astara,Todaypress.tv,