Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar

Sosial

30.05.2025 15:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qeyri-adi addım atıb.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Xüsusi qayğıya ehtiyacı olan bir qrup uşaq Agentliyin aparatında qonaq olaraq burada çalışan bəzi əməkdaşları iş başında əvəz ediblər.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladları və Agentliyin tabeliyində olan uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar müxtəlif fəaliyyət sahələrində özlərini sınamaq imkanı əldə ediblər.

Müxtəlif yaş qruplarına aid olan uşaqlar Agentliyin Vətəndaş qəbulu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, İnsan resurslarının idarə edilməsi, İctimaiyyətlə əlaqələr və kommunikasiya, ofis meneceri və digər sahələrdə bacarıqlarını nümayiş etdiriblər.

Onlara həssas əhali qruplarından olan vətəndaşlarla işləmək prinsipləri, sənədlərin arxivləşdirilməsi, daxil olan zənglərə cavab verilməsi qaydaları izah edilib.

Uşaqlar həmçinin bəzi struktur rəhbərlərinin rollarını imitasiya edib, qurum rəsmisi kimi müsahibə verib, qrafik dizayner işlərini icra ediblər.

tag: ƏƏSMN,Agentlik,Uşaqlar,Əməkdaş,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo