Zaxarova: "Dərbənddə Azərbaycan teatrının yenidən qurulması başa çatmaq üzrədir"

Siyasət

27.05.2025 11:31

Dərbənddə Azərbaycan teatrının yenidən qurulması başa çatmaq üzrədir. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dağıstanın mərkəzi Maxaçqala şəhərində keçirdiyi brifinqdə bildirib. 

Rusiyada akkreditə olunmuş xarici jurnalistlər üçün Dağıstan Respublikasında təşkil olunmuş press-tur çərçivəsində keçirdiyi brifinqdə Zaxarova respublikanın zəngin mədəni irsindən, sosial-iqtisadi həyatından danışıb. 

O, Dərbəndə səfər etdiyini, qədim şəhərin mədəni irsinin zənginliyini qeyd edib. 

Zaxarova vurğulayıb ki, çox millətli Dağıstanda 11-dən çox milli teatr fəaliyyət göstərir.

O, Dərbənddəki Azərbaycan Dram Teatrının binasının yenidən qurulmasından danışıb. Bildirib ki, Azərbaycan teatrının yenidən qurulması başa çatmaq üzrədir. 

Qeyd edək ki, Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının əsası 1904-cü ildə qoyulub. XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb.

1944-cü ildə teatrda səhnə pərdələri müvəqqəti olsa da bağlanıb, lakin 1994-cü ildə yenidən teatr qapılarını tamaşaçılarının üzünə açıb. 

Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılıb.

(APA)

tag: Dərbənd,Zaxarova,Teatr,Tİkinti,Todaypress.tv,