Yaponiyanın ilk qadın baş naziri kimdir? - DOSYE

Siyasət

21.10.2025 12:51

Yaponiya Parlamenti ölkənin tarixində ilk dəfə bir qadını baş nazir seçib.

Belə ki, Sanae Takaiçi parlamentin 465 yerlik Aşağı Palatasında keçirilən səsvermədə 237 səslə çoxluğu əldə edib və bu yüksək vəzifəyə layiq görülüb.

Yuxarı Palatanın qərarını təsdiqləməsindən sonra Takaiçi and içərək vəzifəsinin icrasına başlayacaq.

Seçki onun rəhbərlik etdiyi Liberal Demokrat Partiya (LDP) ilə sağ yönümlü Yaponiya İnnovasiya Partiyası arasında dünən əldə olunan koalisiya razılaşmasından sonra baş tutub.

TodayPress TV xəbər verir ki, Sanae Takaiçi 1961-ci il martın 7-də Nara prefekturasında doğulub.

O, Kobe Universitetində biznes administrasiyası üzrə təhsil alıb və daha sonra Matsushita Institute of Government and Managementdə siyasi idarəetmə sahəsində təcrübə qazanıb.

Gənclik illərində ABŞ-də, Konqresdə Demokrat konqresmen Pat Şröyderin ofisində çalışıb.

Siyasi karyerasına 1993-cü ildə parlamentdə müstəqil deputat kimi başlayan Takaiçi, 1996-cı ildən Liberal Demokrat Partiyasının üzvüdür.

O, 2005-ci ildən Nara prefekturasından parlamentdə təmsil olunur və 2014–2017, daha sonra 2019–2020-ci illərdə Daxili İşlər və Kommunikasiyalar Naziri, 2022–2024-cü illərdə isə İqtisadi Təhlükəsizlik Naziri vəzifələrini icra edib.

Takaiçi Yaponiyanın siyasi səhnəsində ən sağ-mühafizəkar fiqurlardan biri hesab olunur.

Takaiçi iqtisadi siyasətdə dövlət müdaxiləsini gücləndirmək, strateji sahələrə - yarımkeçiricilər, süni intellekt və nüvə texnologiyalarına dövlət investisiyasını artırmaq tərəfdarıdır. Sosial məsələlərdə mühafizəkar mövqeləri ilə seçilir və Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsini dəstəkləyir.

O, ABŞ ilə strateji ittifaqın möhkəmləndirilməsi, Çin və Şimali Koreyaya qarşı sərt mövqeyin qorunması kimi beynəlxalq siyasət prioritetlərinə malikdir.

Sanae Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir kimi tarixi bir nailiyyət əldə edib.

O, keçmiş baş nazir Şinzo Abenin siyasi xəttini davam etdirir və “Yaponiyanın Margaret Thatcher-i” kimi xarakterizə olunur. Yeni hökumətin qarşısında duran əsas çağırışlar arasında artan yaşayış xərcləri, miqrasiya böhranı və ölkənin sürətlə qocalan əhalisi məsələləri yer alır.

Jalə Rövşən

TodayPress TV

tag: Yaponiya,Baş nazir,Dosye,Siyasət,Todaypress.tv,