Deputatdan çağırış: "Xalqın dəstəyi olmadan yeni milli ideyanın və müstəqilliyin tam dəyəri mümkün deyil"
Siyasət
18.10.2025 12:56
Oktyabrın 18-i Azərbaycanın tarixi səhifələrində işıq saçan bir gündür: “Müstəqillik Günü”
1920-ci ildən etibarən xalqımız uzun illər əsarət kölgəsində qalsa da, azadlıq arzusunun odunu daim ürəyində saxlamışdı.
SSRİ dağıldıqdan sonra, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edərək, xalqımıza azadlığın qapısını yenidən açdı.
Bu gün artıq Azərbaycan müstəqil dövlət kimi xarici siyasətini özü müəyyən edir, dünya tribunalarında mötəbər mövqeyini qoruyur.
44 günlük Vətən müharibəsində qazanılan həlledici qələbə də Azərbaycanın milli gücünü, iradəsini və qərarlılığını bir daha dünyaya göstərdi. Azərbaycan indi enerji, təhlükəsizlik və strateji məsələlərdə yeni reallıqlar yaradan bir oyunçu, gələcəyin qurucusu kimi tanınır.
“Cəmiyyəti, milləti təşkil edən hər bir fərd özlüyündə düşüncə etibarilə dövlətçi olmalıdır”
Müstəqillik Günü ilə bağlı Deputat Hikmət Babaoğlu isə TodayPress TV-yə verdiyi açıqlamada müstəqilliyi və onun yeni milli vəzifələrini belə izah edib:
"Müstəqillik bir millətin öz iradəsi ilə öz dövlətini qurmaq və onu idarəetmə qabiliyyəti deməkdir. Ancaq müstəqil iradənin siyasi təşkilatlanması mərhələsinə qədər müstəqillik bir millətin mental keyfiyyətlərinin daşıyıcılarından biri olmalıdır. Yəni cəmiyyəti, milləti təşkil edən hər bir fərd özlüyündə düşüncə etibarilə dövlətçi olmalıdır, dövlət qurmaq istedadına malik olmalıdır. Dövlət siyasi təşkilatmanın ali formasıdır, dövlətin müstəqil olması isə bunu keyfiyyət göstəricisidir. Əgər söhbət indiki mərhələdə Azərbaycan xalqının qurduğu müstəqil dövlətdən və 18 oktyabr 1991-ci ildə müstəqilliyimizin bərpası haqqında qəbul edilmiş Konstitusiya Aktından gedirsə, bu, ən yeni tarixi mərhələdə Azərbaycan xalqının milli iradəsinin yeni bir nümunəsidir”.
“Azərbaycan cəmiyyətinin hər bir fərdi dövlətə və müstəqilliyə nə dərəcədə sadiq olduğunu göstərdi”
Deputat, həmçinin deyib:
“Ötən dövr ərzində isə öz davranışlarıyla Azərbaycan cəmiyyətinin hər bir fərdi dövlətə və müstəqilliyə nə dərəcədə sadiq olduğunu göstərdi. Milli və dövlət maraqları ətrafında kütləvi sinxron hərəkət etmə qabiliyyətini, həmrəyliyini, legitim hakimiyyət formalaşdırmaq bacarığını nümayiş etdirdi və nəticədə bütün bu komponentlər müstəqilliyin və müstəqil dövlətin hüquqi kontekstdə əsas tələbi olan ərazi bütövlüyü və suveren hüquqlarının bərpasına gətirib çıxardı. Bu, məhz siyasi kontekstdə müstəqilliyi dəyərləndirən kriteriyalardır. Yəni hüquqi dövlətin mövcud olması, dövlətin malik olduğu ərazi üzərində bütün suveren hüquqlarının həyata keçirilməsi və bütün məsələlərdə müstəqil qərar qəbul etmək bacarığı. Amma əlbəttə ki, müstəqilliyin digər komponentləri dövlətin inkişaf etdirilməsi, vətəndaşların rifahının təmin olunması, iqtisadi və mənəvi dayaqların möhkəmləndirilməsi, eyni zamanda ictimai konsensus əsasında milli maraqların və dövlət maraqlarının gələcək konseptual çağırışlarını müəyyənləşdirməsidir. Bu, mərhələ-mərhələ həyata keçirilən prosesdir”.
“Hər bir milli vəzifənin kütləvi-ictimai dəstəyi təmin olunmalıdır”
Parlamentari eyni zamanda 2020-ci ildən sonra dəyişən reallıqlardan da söz açıb:
“2020-ci ildən sonra Azərbaycan dövlətinin qarşısında tamamilə yeni vəzifələr və yeni çağırışlar dayanır. Bu, dövlətçilik tariximizin ən yeni mərhələsidir. Yeni çağırışlar isə yeni milli vəzifələr yaradır. Əgər bu çağırışlar və milli vəzifələr sadəcə siyasi institutlar və siyasilər səviyyəsində dərk edilirsə və vəzifə kimi müəyyənləşdirilirsə, əlbəttə, azdır. Çünki hər bir milli vəzifənin kütləvi-ictimai dəstəyi təmin olunmalıdır. Burada isə artıq milli ideologiya və onun milli şüurda mübahisəsiz qəbul edilməsi zərurəti yaranır. Azərbaycan Prezidenti çıxışlarının birində dedi ki, bizə yeni milli ideya lazımdır. Yeni milli ideya isə özlüyündə yeni milli vəzifələr yaradacaq. Hazırda biz bu mərhələdəyik. Beş ildir ki, tarixi zəfərimizi əldə etmişik və müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktını böyük təntənə ilə qeyd edirik. Ancaq hələ də yeni milli ideyanın, yeni milli vəzifələrimizin nədən ibarət olduğu haqqında kütləvi şüurda aydın təsəvvür yoxdur. Ona görə də bu prosesdə daha çox ictimai şüuru müəyyənləşdirən müxtəlif institutlar intensiv fəaliyyət göstərməlidir”.
“Biz bu cür əlamətdar günlərimizi təkcə bayram kimi qeyd etməməliyik”
O, son olaraq sözügedən məsələlər ilə bağlı həll yollarını göstərib:
“İctimai şüuru təyin edən əsas vasitələrdən biri də ədəbiyyatdır. Yeni milli vəzifələrlə bağlı ədəbiyyatımız hər hansısa bir obraz, model təqdim edibmi? Etməyib. Bu da hələ milli vəzifə olaraq qarşımızda durur. Başqa bir məsələ isə təhsil məsələsidir. Məktəblərdə həm elmi üsullarla, həm də digər təhsildən kənar vərdişlərin, maarifləndirmənin müxtəlif formaları ilə yeni milli ideyaların nədən ibarət olduğu ilə bağlı gəncliyə bir tezis vermişikmi? Verməmişik!. Əlimizdə bu materiallar ancaq Azərbaycan Prezidentinin çıxışlarıdır. Buna görə də bu çıxışlar konseptual çıxışlardır. Bu çıxışların özündə artıq milli ideya və milli vəzifəmiz nədir sualının cavabı var. Sadəcə, onu kütləvi şüurun dərk edəcəyi səviyyədə konsepsiyaya çevirərək cəmiyyəti bu istiqamətdə maarifləndirməliyik. Yəni hər hansı bir milli ideya kimi müəyyənləşdirdiyimiz ideyanın millət tərəfindən dəstəyi yoxdursa, onun realizə olunması çətinləşir. Biz bu cür əlamətdar günlərimizi təkcə bayram kimi qeyd etməməliyik. Biz həm də özümüzün, dövlətimizin və müstəqilliyimizin gələcəyi ilə bağlı hesabat verməliyik: nə etmişik, nə etməliyik? Qarşıda görüləcək böyük işlər var. Bu məsələlər Azərbaycan ictimai rəyinin gündəlik müzakirə və əxz etdiyi aydın kütləvi şüura çevrilməlidir".
Qeyd edək ki, oktyabrın 18-i həm də xalqımızın azadlıq sevgisinin, dövlətçiliyə bağlılığının və gələcəyə inamının simvoludur.
Jalə Rövşən
tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,18 oktyabr,Todaypress.tv,
