Baş Prokuror təyinatla bağlı əmrlər imzaladı

Siyasət

18.06.2025 17:13

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

2005-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək rayon prokurorluğunda müstəntiq, Naxçıvan Muxtar Respublikasının İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan Muxtar Respublikası prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib.

Baş Prokurorun digər əmrilə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon prokuroru vəzifəsini icra edən İlqar Rzayev  həmin vəzifəyə təyin edilib.

2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İlqar Rzayev əvvəllər Naxçıvan şəhər prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şöbə prokuroru vəzifələrində işləyib.

Baş Prokurorun digər müvafiq əmrilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayon prokuroru vəzifəsini icra edən Ramiz Novruzov həmin vəzifəyə təyin edilib.

2003-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Ramiz Novruzov əvvəllər Şahbuz rayon prokurorunun köməkçisi, Şərur rayon prokurorunun böyük köməkçisi və böyük müstəntiqi, Şərur rayon prokurorunun müavini və Şahbuz rayon prokuroru vəzifələrində işləyib.

tag: İlqar Rzayev,Baş prokurorluq,