Amerikada yeni siyasi dövr: Tramp mövqeyini belə gücləndirir

Siyasət

22.10.2025 17:21

“ABŞ Prezidenti Donald Tramp Amerikada illərlə formalaşmış siyasi sistemə qarşı mübarizə aparır".

Politoloq Əhəd Məmmədli bu fikirləri TodayPress TV-yə Ağ Evin bir hissəsinin sökülməsi ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Tramp ABŞ-də prezident institutunun səlahiyyətlərini genişləndirmək və ölkə idarəçiliyində “real söz sahibi” olmaq niyyətindədir. O, öz şəxsi nüfuzu ilə sistem üzərində təsirini artırmaq istəyir”. 

Politoloq Ağ Ev ərazisində yeni, böyük bal zalının tikintisini dövlətin güc simvolu kimi qiymətləndirib:

“Trampın da belə bir addımı həm dövlətinin, həm də özünün gücünü nümayiş etdirmək məqsədi daşıyır. Bu, şəxsi ambisiyadan çox, dövlətin simvolik qüdrətini göstərmək cəhdidir”. 

Siyasi şərhçi əlavə edib ki, bu yanaşma təkcə şəxsi hakimiyyət iddiası kimi deyil, həm də liderin ölkəsinin beynəlxalq mövqeyini gücləndirmək niyyəti kimi dəyərləndirilə bilər:

“Tramp ABŞ-nin gücünü və öz siyasi irsini qorumağa çalışır. Tramp fərqli prezidentdir. O, Amerika tarixində sistemlə mübarizə aparan liderlərdən biri kimi qalacaq. Ağ Ev rəhbəri nə Senatdan, nə Pentaqondan asılı olmaq istəyir. Şəxsi nüfuzu ilə söz sahibi olmaq istəyir. Bu, həm tənqid edilə bilər, həm də liderlik cəhətdən qiymətləndirilə bilər", - deyə Əhəd Məmmədli fikrini sonlandırıb.

Qeyd edək ki,  ABŞ prezidenti Donald Trampın göstərişi ilə Ağ Evin şərq qanadının bir hissəsinin sökülməsinə başlanılıb. Tikiləcək banket zalının sahəsi 90 min kvadrat fut olacaq və layihə Trampa təxminən 200 milyon dollara başa gələcək.

Yeni zal Ağ Evin rəsmi tədbirlərini daha geniş miqyasda keçirməyə imkan verəcək və Tramp administrasiyası bunu “tarixi modernləşdirmə addımı” kimi təqdim edir. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Əhəd Məmmədli,Politoloq,Tramp,ABŞ,Todaypress.tv,

photo