Yeməklərdən imtina etmədən arıqlamaq mümkündür
Sağlam qidalanmada riskli hesab edilən qidaları az miqdarda istehlak etmək iştahanı nəzarətdə saxlamağa və artıq çəkidən qurtulmağa kömək edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin İllinoys Universitetinin alimləri araşdırma edib.
Araşdırmada artıq çəkidən və ona bağlı xəstəliklərdən əziyyət çəkən 30 nəfər iştirak edib. Onlar bir il ərzində onlayn şəkildə həyata keçirilən xüsusi qidalanma proqramına cəlb olunublar. Proqram çərçivəsində iştirakçılar məhsulların tərkibini öyrənib, balanslı menyu hazırlamağı bacarıblar. Maraqlısı odur ki, bu proqramda ciddi qida qadağaları yox idi. Əksinə, iştirakçılara az miqdarda olsa belə, sevdikləri yeməkləri (şirniyyat, fastfud və s.) rasiona daxil etməyə icazə verilib.
İl sonunda iştirakçılar bədən çəkilərinin orta hesabla 8 faizini itiriblər. Daha da əhəmiyyətlisi, əksəriyyətində zərərli yeməklərə qarşı istək xeyli azalıb və bu hal növbəti ildə də sabit qalıb. Xüsusilə çəkinin 5 faizindən çoxunu itirənlər və az miqdarda olsa da, arzuolunan qidaları menyularında saxlayanlar daha yaxşı nəticələr göstəriblər. Onlar şəkərli və yağlı qidalara qarşı daha az istək hiss ediblər, baxmayaraq ki, bu məhsullardan tamamilə imtina etməmişdilər.
Tədqiqat müəllifləri bildirirlər ki, sabit və öncədən planlaşdırılmış qidalanma rejimi pozuntuların qarşısını almaqda mühüm rol oynayır. Sərt pəhrizlər, qəfil imtinalar və rejimdəki dəyişikliklər əksər hallarda orqanizmdə zərərli yeməklərə qarşı ani istək yaradır. Eyni zamanda, araşdırma sübut edib ki, çəki itkisi özü-özlüyündə iştahanın azalmasına gətirib çıxarır.
Töhfə Səməd
tag: Sağlam,Qida,Riski,Çəki,todaypress.tv,