ÜST: COVID-19-un mənşəyi hələ də naməlumdur
Sağlamlıq
02.07.2025 19:15
Dünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri üç ildən çox davam edən araşdırmalardan sonra pandemiyanın necə başladığını müəyyən edə bilməyiblər.
TodayPress TV xəbər verir ki, “Euronews”un yaydığı məlumata əsasən, 27 beynəlxalq alimdən ibarət işçi qrupun hazırladığı yekun hesabatda COVID-19-un mənşəyi ilə bağlı dəqiq nəticəyə gəlinmədiyi bildirilir.
Hesabatı təqdim edən professor Marietjie Venter bildirib ki, əksər elmi məlumatlar virusun insanlara heyvanlardan keçdiyi versiyasını dəstəkləyir.
Xatırladaq ki, ÜST hələ 2021-ci ildə ilk araşdırmanın nəticələrində virusun yarasalardan digər bir aralıq heyvan vasitəsilə insana keçdiyini ehtimal etmiş və laboratoriya sızması versiyasını “çox aşağı ehtimallı” adlandırmışdı.
Buna baxmayaraq, Venter qeyd edib ki, üç ildən artıq müddətdə Çin hökumətindən genetik ardıcıllıqlar və biosəhiyyə təhlükəsizliyi ilə bağlı məlumatlar dəfələrlə tələb olunsa da, lazımi elmi məlumatlar əldə olunmayıb. Bu səbəbdən laboratoriya versiyasının nə tam araşdırılması, nə də inkar edilməsi mümkün olmayıb.
“Bu hipotez daha çox siyasi mövqelərə əsaslanır, elmi sübutlarla dəstəklənmir və spekulyativ xarakter daşıyır”, – deyə Venter vurğulayıb.
Professor onu da bildirib ki, 27 nəfərlik ekspert qrupunda yekdil fikir olmayıb: üzvlərdən biri bu həftə qrupu tərk edib, üç nəfər isə hesabatdan adlarının çıxarılmasını istəyib.
Araşdırma zamanı COVID-19-un laboratoriyada yaradıldığına dair heç bir sübut tapılmayıb və 2019-cu ilin dekabrından əvvəl virusun Çin xaricində yayılmasına dair dəqiq izlər müəyyən edilməyib.
“Yeni elmi dəlillər təqdim olunmadığı müddətcə "SARS-CoV-2" virusunun insan cəmiyyətlərinə necə keçdiyi sual olaraq qalacaq”, – deyə professor əlavə edib.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus isə bildirib ki, 20 milyondan çox insanın ölümünə, 10 trilyon dollardan çox iqtisadi itkiyə və milyardlarla insanın həyatında köklü dəyişikliyə səbəb olan pandemiyanın mənşəyini öyrənmək “bəşəriyyətin mənəvi borcudur”.
Qiymət Mahir
tag: ÜST,COVİD-19,Pandemiya,Epidemiya,Todaypress.tv,