Soyuq ayların xain qatili: TURŞULAR - Zəhərlənməmək üçün nə etməli?
Sağlamlıq
14.08.2025 18:09
Artıq bir çox insan qış mövsümü üçün müxtəlif tərəvəzlərdən turşu (şoraba) hazırlamağa başlayıb. Ev üsulu turşular nə qədər ləzzətli olsa da, sağlamlığa zərərləri də az deyil. Eləcə də hər il bu məzələrdən zəhərlənmə hallarına da rast gəlinir.
Qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev TodayPress TV-yə açıqlamasında ev şəraitində turşu hazırlayarkən diqqət edilməli əsas məqamları sadalayıb.
Onun sözlərinə görə, ilk növbədə istifadə olunan bütün vasitələr – bankalar, qablar, qapaqlar, bıçaqlar və digər alətlər yaxşıca yuyulmalı və sterilizasiya edilməlidir:
“Tərəvəzlər sağlam və zədəsiz olmalıdır. Çürümüş və ya xarab olmuş məhsullar turşunun keyfiyyətini aşağı sala və zəhərlənmə riskini artıra bilər. Duz turşunun qorunmasında əsas rol oynayır, lakin miqdarı düzgün tənzimlənməlidir: çoxdursa, dad pozulur, az olduqda isə bakteriyaların inkişafına şərait yaranır. Həmçinin istifadə olunan su təmiz və keyfiyyətli olmalıdır. Hazırlanmış turşu qapalı bankalarda, sərin, quru və işıqsız şəraitdə saxlanmalıdır”.
Ekspert əlavə edib ki, hava ilə təmas turşuda mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər:
“Bankalarda yaranan hava boşluqları və lazımsız hava daxilolmaları təhlükə mənbəyidir. Əgər xüsusi fermentlərdən istifadə olunursa, onların miqdarı diqqətlə müəyyən edilməlidir. Bankalar vaxtaşırı yoxlanmalı, kəskin qoxu, rəng dəyişikliyi və digər anormallıqlar aşkar edilərsə, həmin turşudan istifadə edilməməlidir”.
A.Vəliyev vurğulayıb ki, bu qaydalara riayət etməklə turşunun həm təhlükəsiz, həm də sağlam şəkildə hazırlanması mümkündür.
Türkan İsgəndərli
tag: Asim Vəliyev,Tədqiqatçı,Turşu,Zəhərlənmə,Todaypress.tv,
