Şərqi Afrika pəhrizi immuniteti gücləndirir

Sağlamlıq

12.06.2025 18:47

Son elmi araşdırmalar göstərir ki, ən sağlam qidalanma forması məhz Şərqi Afrikadan gəlir.

TodayPress TV xəbər verir ki, bu barədə "Nature Medicine" elmi jurnalı məlumat yayıb.

Yeni tədqiqata əsasən, Tanzaniyanın şimalında, Kilimancaro dağının ətəklərində yaşayan çaqqa xalqının ənənəvi pəhrizi insan sağlamlığı üçün mühüm faydalar verə bilər.

Çaqqa xalqı yüksək lifli və bitki əsaslı qidalarla qidalanır – onların menyusuna tam taxıllar, lobya, yaşıl tərəvəzlər daxildir. Tədqiqat göstərib ki, bu növ pəhriz immun sistemini gücləndirir və orqanizmdəki iltihabı azaldır.

Alimlər bildirir ki, xroniki iltihab bir çox xəstəliklərin, o cümlədən ürək-damar xəstəlikləri, alzheimer və 2-ci tip şəkərli diabet kimi problemlərin əsas risk faktorudur.

Tədqiqatda 77 sağlam kişi iştirak edib. Onlardan bir qrup, əvvəlcə Qərb tipli – daha çox işlənmiş və duzlu qidaları əhatə edən – pəhriz saxlayarkən, iki həftəlik dövrdə çaqqan xalqının pəhrizinə keçid ediblər. Onların rasionuna yaşıl bişmiş banan, qırmızı lobya, qaynadılmış toyuq, yaşıl tərəvəzlər və qəhvəyi düyü daxil olub. Həmçinin, "mbege" adlı fermentləşdirilmiş banan içkisi də istifadə olunub.

Digər qrup isə kənd yerində yaşayan və adətən ənənəvi qidalanma tərzinə riayət edən kişilər olub. Onlar isə eksperiment müddətində Qərb tərzində qidalanıblar.

Nəticələr göstərib ki, çaqqa pəhrizi immun sisteminə müsbət təsir göstərməklə yanaşı, iltihabı da azaldıb və bu effekt eksperimentdən bir ay sonra belə davam edib. Əvəzində, Qərb pəhrizinə keçənlərdə iltihab göstəriciləri artıb, immun sistemi zəifləyib və çəki artımı müşahidə olunub.

Tədqiqatçılar bildirir ki, çaqqa xalqının pəhrizi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən Aralıq dənizi pəhrizinə alternativ kimi təqdim oluna bilər. Lakin bu sahədə daha geniş və dərin araşdırmalara ehtiyac olduğu da vurğulanır.

Töhfə Səməd

tag: Şərqi Afrika,Nature Medicine,Pəhriz,Tanzaniya,todaypress.tv,