Şəkərli və spirtli içkilər qaraciyər üçün təhlükəlidir
Sağlamlıq
13.10.2025 19:15
Qidalanma və sağlamlıq sahəsində mütəxəssislər xəbərdarlıq edirlər ki, şəkərli qazlı içkilər və spirtli içkilər orqanizmə fərqli şəkildə təsir göstərsə də, hər ikisi qaraciyər üçün ciddi yük yaradır.
TodayPress TV xəbər verir ki, şəkərli qazlı içkilər qaraciyər hüceyrələrində yağ yığılmasına səbəb olur və uzunmüddətli istehlak nəticəsində qaraciyərin piylənməsi (yağlı hepatit) riskini artırır.
Bu içkilərin tərkibindəki yüksək miqdarda şəkər və fruktoza orqanizmdə insulin müqaviməti yarada bilər ki, bu da 2-ci tip şəkərli diabetin inkişafına şərait yaradır.
Bəzi tədqiqatlar göstərir ki, süni dadlandırıcılar da orqanizm üçün tam zərərsiz deyil. Onlar bağırsaq mikroflorasının tarazlığını poza və ürək-damar, həmçinin endokrin sistem xəstəlikləri üçün risk amilinə çevrilə bilər.
Mütəxəssislər qeyd edirlər ki, spirtli içkilərin təsiri daha təhlükəlidir, çünki spirt hepatotoksik maddədir. Yəni qaraciyər hüceyrələrinə birbaşa zərər vurur. Davamlı spirt qəbulu qaraciyər sirozu və digər ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
Mütəxəssislər insanlara həm spirtli, həm də şəkərli içkilərin qəbulunu minimuma endirməyi, onların yerinə su, təbii meyvə şirələri və ya şəkərsiz bitki çayları seçməyi tövsiyə edirlər.
Türkan İsgəndərli
tag: Qida,Qaraciyər,Qazlı içki,Hepatit,Todaypress.tv,
