“Möcüzə” axtaranların NƏZƏRİNƏ: “Arıqlama çayları sizi zəhərləyir” – Dietoloq elə sirləri açdı ki...
Sağlamlıq
20.08.2025 13:49
Müasir dövrdə insanlar, xüsusilə də qadınlar, gözəllik naminə müxtəlif vasitələrə əl atırlar. Fit görünmək arzusunda olanlar arasında isə “arıqlama çayları” bir trendə çevrilib.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan həkim-dietoloq Leyla Zülfuqarlı bildirib ki, insanlar tez və asan nəticə əldə etmək üçün təbii yollar əvəzinə kofe və çay kimi məhsullarda möcüzə axtarırlar:
"İnsanlar çox vaxt arıqlamaq üçün idman və düzgün qidalanma kimi sağlam yanaşmalar əvəzinə daha asan yolları seçməyə meyilli olurlar. Bəzi bitki çayları detoks məqsədilə istifadə oluna, hətta müəyyən hallarda arıqlama prosesini dəstəkləyə bilər. Lakin qeyd etmək lazımdır ki, heç bir çay birbaşa arıqlamağa səbəb olmur. Çünki arıqlama kompleks və fərdi yanaşma tələb edən bir prosesdir. Artıq çəkinin yaranmasının səbəbləri müxtəlifdir və yalnız çay içərək sağlam şəkildə çəki itirmək mümkün deyil".
Dietoloq həmçinin vurğulayıb ki, bazarda "təbii bitki" adı ilə zəhərli maddələr satılır:
"Bəzi fırıldaqçılar tərkibində qadağan olunmuş sibutramin maddəsi olan çaylar satırlar. Bu maddə çox zəhərlidir. Ümumiyyətlə, çaylara “arıqladıcı”, “sakitləşdirici”, “qaraciyər qoruyucu” və bu kimi adlar vermək düzgün deyil. Bunun əvəzinə, adıçəkilən problemlərə kömək edən bitki çayı kimi qeyd olunması daha məqbuldur. Hətta düzgün dəmlənmiş kofe metabolizmanı sürətləndirə və çəki itirməyə yardım edə bilər, lakin müəyyən xəstəlikləri olan insanlar üçün bu da risklidir”.
Leyla Zülfuqarlı arıqlamaqda çətinlik çəkənlərin bu tip məhsullara aldanmamalı olduğunu diqqətə çatdırıb. O, çəkini effektiv və təhlükəsiz şəkildə azaltmaq üçün ixtisaslı mütəxəssislərə müraciət etməyi tövsiyə edib.
Türkan İsgəndərli
tag: Leyla Zülfüqarlı,Dietoloq,Arıqlama çayı,Zərər,Todaypress.tv,
