Kofeinin gizli təhlükələri üzə çıxdı
Monreal Universitetindən olan alimlərin tədqiqatına görə, kofein beynin gecə bərpa prosesini poza bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Communications Biology" jurnalında məlumat dərc olunub.
Kofe və digər kofeinli içkilər, yuxu zamanı belə, beyni aktivləşdirərək onun dərin istirahət və bərpa qabiliyyətini azaldır.
Araşdırma çərçivəsində tədqiqatçılar 40 sağlam könüllünün beyin fəaliyyətini gecə boyunca müşahidə ediblər. Hər iştirakçı iki dəfə yuxu laboratoriyasında yatıb: birində kofein qəbul etdikdən sonra, digərində isə plasebo qəbulundan sonra. Elektroensefaloqrafiya (EEQ) və süni intellektin köməyi ilə alimlər müəyyən ediblər ki, kofein beynin "kritikliyini", yəni nizam və xaos arasında olan və beynin ayıq vəziyyətdə xarici stimullara çevik cavab verdiyi, məlumatları aktiv emal etdiyi bir vəziyyəti gücləndirir. Lakin bu hal gecə saatlarında beynin tam şəkildə "sönməsi" və bərpa olunması prosesinə mane olur.
Bu təsir xüsusilə 20–27 yaş arası gənclərdə daha güclü hiss olunub. Onlarda dərin və bərpaedici yuxuya cavabdeh olan alfa və teta dalğalarında azalma, oyaqlıqla əlaqəli sürətli beta dalğalarında isə artım müşahidə olunub. Alimlərin fikrincə, bu, gənclərin kofeinə daha yüksək həssaslığı ilə bağlıdır: bu yaş qrupunda beyində daha çox adenozin reseptoru mövcuddur və kofein bu reseptorları bloklayaraq beyni daha güclü stimullaşdırır.
Yaş artdıqca bu reseptorların sayı azalır və kofeinin təsiri zəifləyir. Bu səbəbdən 41–58 yaş arası insanlarda kofeinin yuxuya təsiri daha az müşahidə olunub. Buna baxmayaraq, tədqiqat müəllifləri bildirirlər ki, hətta yaşlı insanlarda belə, xüsusilə axşam saatlarında içilən kofe beynin tam bərpa olunmasına mane ola bilər.
Töhfə Səməd
tag: Alimlər,Araşdırma,Kofein,Yuxu,todaypress.tv,