Dodaq herpesinə səbəb olan virus Alzheimer riskini artırır
ABŞ-də aparılan genişmiqyaslı tədqiqatın nəticələrinə görə, dodaqlarda uçuq yaradan "HSV-1" herpes virusuna yoluxma Alzheimer xəstəliyinə tutulma riskini xeyli artırır.
TodayPress TV xəbər verir ki, bu nəticələr "BMJ Open" elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 340 mindən çox insanın tibbi məlumatları analiz olunub. Alimlər müəyyən ediblər ki, "HSV-1" virusuna yoluxmuş şəxslərdə Alzheimer diaqnozu alma ehtimalı yoluxmamış insanlarla müqayisədə 80 faiz daha yüksəkdir.
Eyni zamanda, yoluxmadan sonra antiviral preparatların qəbulu demensiya riskini 17 faiz azaldıb. Bu isə göstərir ki, vaxtında müalicə beyin sağlamlığının qorunmasında əhəmiyyətli rol oynaya bilər.
Tədqiqatçılar yalnız "HSV-1" deyil, digər herpes virusları - suçiçəyi və sitomeqalovirusla da Alzheimer xəstəliyi arasında əlaqə tapıblar. Virusların konkret olaraq beyin funksiyalarına necə təsir etdiyi hələ də tam araşdırılmayıb. Amma ilkin ehtimallara görə, bu viruslar beyində iltihabi proseslərə səbəb olur və Alzheimerlə əlaqəli beta-amiloid adlı zərərli zülalın toplanmasını sürətləndirir.
Alimlər bildirirlər ki, bu müşahidələr hələ səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmir, lakin herpes viruslarının qarşısının alınması və müalicəsi demensiyanın qarşısını almaq üçün vacib profilaktik tədbir kimi nəzərdən keçirilməlidir.
Töhfə Səməd
tag: ABŞ,HSV-1,Herpes,Alzheimer ,todaypress.tv,