COVID-19-dan sağalanlar psixoloji pozğunluqla fiziki xəstəlikləri səhv salır

Sağlamlıq

10.10.2025 19:30

COVID-19-dan sağalmış bir çox insan uzun müddət nəfəs darlığı, qan təzyiqinin yüksəlməsi, ürək, mədə və ya oynaq ağrılarından şikayətlənir. Lakin mütəxəssislərin fikrincə, bu hallar bəzən fiziki səbəblərlə deyil, psixoloji gərginlik və depressiya ilə bağlı olur.

TodayPress TV-nin xəbərinə görə, aparılan araşdırmalar göstərir ki, koronavirus infeksiyasından sonra bir il ərzində psixi pozğunluqların inkişaf riski yüksək qalır. 

Xəstələrin əhəmiyyətli hissəsində depressiya və narahatlıq pozğunluqları müşahidə edilir. Bu hallar çox vaxt “beyin dumanı”, diqqətin azalması, yaddaşın zəifləməsi kimi idrak problemləri ilə müşayiət olunur.

Mütəxəssislər qeyd edirlər ki, narahatlıq və depressiya çox zaman fiziki əlamətlərin arxasında gizlənir. Sinə təzyiqi, taxikardiya, qarın və əzələ ağrıları kimi simptomlar səbəbindən insanlar uzun müddət müxtəlif ixtisaslı həkimlərə müraciət edirlər, lakin səbəb tapılmır.

Araşdırmalara görə, bir çox xəstə ilk simptomlar göründükdən yalnız bir neçə ay sonra psixi yardım almağa müraciət edir.

Tövsiyə olunur ki, COVID-19-dan sonra davam edən yorğunluq, gərginlik, səbəbsiz ağrılar və ya təzyiq artımları kimi əlamətlər olduqda insanlar psixoloji vəziyyətlərinə də diqqət yetirsinlər və vaxtında mütəxəssisə müraciət etsinlər. Psixi sağlamlıq, fiziki sağlamlıq kimi, koronavirusdan bərpa prosesinin vacib hissəsidir.

Türkan İsgəndərli

TodayPress TV

tag: COVID-19,Psixi,Fiziki,Sağlamlıq,Todaypress.tv,