Karapetyan Paşinyanın iki tərəfdaşını məhkəməyə verir

Qərbi Azərbaycan

04.07.2025 12:55

Ermənistanda saxlanılan iş adamı Samvel Karapetyan, parlamentin hakim “Mülki müqavilə” fraksiyasının üzvləri Hayk Konjoryan və Arsen Torosyanı böhtan və təhqirə görə məhkəməyə verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Hetq” nəşri məlumat yayıb.

Məlumata görə, Karapetyan İrəvan şəhərinin birinci instansiya məhkəməsinə iddia qaldırıb. İş adamı hər iki deputatdan böhtan xarakterli açıqlamaların təkzib edilməsini, ictimai üzr istənilməsini və 9 milyon dram (təxminən 23 min dollar) məbləğində təzminat ödənilməsini tələb edir.

İddiada göstərilir ki, Arsen Torosyan parlamentdə çıxışı zamanı Karapetyanın Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri olduğunu iddia edib. Karapetyan isə bu açıqlamanı böhtan və nüfuzuna xələl gətirən ifadə kimi qiymətləndirir.

Hayk Konjoryan isə Karapetyanı bəzi keşişlərə himayədarlıq edən "truva atı və ya troya katolikosu" kimi təqdim etmiş, onu illərlə dövlət əmlakını ucuz qiymətə almaqda və Ermənistanı qarət etməkdə ittiham etmişdi. Karapetyan bu fikirləri də təhqiramiz hesab edir.

İş adamı hər iki deputatdan təkzib və üzr istəməyi "Facebook" vasitəsilə ictimai şəkildə yaymağı tələb edir. Əgər bu mümkün olmazsa, təkzibin ən azı 5000 tirajla çap olunan qəzetdə dərc edilməsi və ölkə daxilində yayılması istənilir.

Karapetyanın hüquq komandası bildirib ki, bu addım onun işgüzar nüfuzunun və şəxsi ləyaqətinin müdafiəsi məqsədilə atılıb və təşəbbüs siyasi xarakter daşımır.

Türkan İsgəndərli

tag: Ermənistan,Karapetyan,Parlament,İrəvan,Todaypress.tv,