Ermənistan parlamenti çevrilişlərlə bağlı layihəni müzakirə edəcək

Qərbi Azərbaycan

03.07.2025 16:12

Ermənistan parlamenti iyulun 1-də keçirilən növbədənkənar sessiyadan dərhal sonra yeni növbədənkənar iclas keçirməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan və "Mülki müqavilə" fraksiyasının rəhbəri Hayk Konjoryan məlumat verib.

Yeni iclasın gündəliyidə əsas məsələ "Hakimiyyətin zorakı yolla ələ keçirilməsinin yolverilməzliyi və demokratiyanın qorunması haqqında" bəyanatın müzakirəsi olacaq. Bəyanat hakim "Mülki müqavilə" fraksiyası tərəfindən hazırlanıb.

Sənəddə ölkədə hakimiyyətin zorakılıq yolu ilə ələ keçirilməsinə hazırlıq kəskin şəkildə pislənilir və bütün siyasi qüvvələr bu cəhdləri açıq şəkildə qınamağa çağırılır. Eyni zamanda bəzi keçmiş siyasi liderlər "terrorçuluğu dəstəkləməkdə" ittiham olunur və onların məsuliyyət daşıdığı vurğulanır.

Bəyanatda, həmçinin, Erməni Apostol Kilsəsinin dövlətə qarşı "hibrid müharibə"yə cəlb olunması cəhdləri qəbuledilməz adlandırılır.

Parlamentdə təmsil olunan müxalif "Hayastan" və "Mən Şərəf Var" fraksiyaları isə iclasda iştirakdan imtina ediblər. "Hayastan" fraksiyasının katibi Artsvik Minasyan bəyan edib ki, bu sənəd istintaq orqanlarının işinə müdaxilədir və xüsusilə “Müqəddəs Mübarizə” hərəkatı fəalları ilə bağlı araşdırmalara siyasi təsir məqsədi daşıyır.

Xatırladaq ki, “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və bir neçə tərəfdarı iyunun 25-də saxlanılıb. Ermənistan İstintaq Komitəsi onların hakimiyyətin silahlı yolla ələ keçirilməsinə cəhd, terror aktları və kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunduğunu açıqlayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan istintaqın nəticələrini şərh edərkən bildirib ki, hüquq-mühafizə orqanları ölkədə “kriminal-oliqarx-klerikal” plan əsasında hazırlanan çevrilişin qarşısını alıb.

Türkan İsgəndərli

tag: Ermənistan,Parlament,Paşinyan,Simonyan,Todaypress.tv,