İrəvanda “dovşan” problemi səbəbindən yeni trolleybuslar alınmayacaq

Qərbi Azərbaycan

07.06.2025 13:50

Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatda ödənişsiz (“dovşan”) sərnişinlərin sayının artması səbəbindən bələdiyyə planlaşdırılan yeni trolleybusların alınmasından imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə İrəvan meri Hayk Kostanyanın mətbuat katibi jurnalistlərə açıqlama verib.

Kostanyanın sözlərinə görə, bələdiyyə biletlərin ödənilməməsi ilə bağlı ciddi problemlə üzləşib. Yığılan borcların həcmi o qədər artıb ki, büdcədə planlaşdırılan 30 yeni trolleybusun alınması üçün vəsait tapılmayıb. Nəticədə əvvəlcədən nəzərdə tutulan 45 nəqliyyat vasitəsindən yalnız 15-i alınacaq.

Şəhər meriyası bildirir ki, ictimai nəqliyyatda biletsiz sərnişinlərin çoxalması ciddi nəticələrə səbəb ola bilər. Bu açıqlama Yerevanda baş tutan etiraz aksiyalarının fonunda səslənib. Belə ki, fevralın 1-dən etibarən bir gediş üçün biletin qiyməti 100 dramdan 150 drama (təxminən 44-dən 66 qəpiyə) qaldırılıb. Tarif artımını əsassız hesab edən müxalifət isə əhaliyə "dovşan" kimi istifadəni təşviq edərək, hökumətə təzyiq etməyə çalışır.

Bələdiyyə xəbərdarlıq edir ki, əgər bilet gəlirləri sabitləşməsə, hətta 15 yeni trolleybusun alınması da sual altına düşə bilər. Eyni zamanda, ictimai nəqliyyatda biletsiz hərəkət edənlərə qarşı 15 min dram (təxminən 3070 rubl) məbləğində cərimə nəzərdə tutan qanun layihəsi parlamentə təqdim olunub. Digər bir ciddi problem isə güzəştli biletlərin üçüncü şəxslər tərəfindən qanunsuz istifadəsidir – bu halda isə 18 min dram (təxminən 66.50 manat) cərimə tətbiq olunması təklif edilir.

Qeyd edək ki, bənzər “dovşan” problemi dünya ölkələrində də konduktor sistemindən imtina olunduqdan sonra müşahidə olunub. Lakin əksər ölkələrdə yerli hakimiyyət orqanlarının sərnişinlərə qarşı effektiv təsir mexanizmləri var. İrəvanda isə meriya vəziyyətin artıq nəzarətdən çıxdığını etiraf edir və problemin həllini Milli Assambleyanın qərarından gözləyir.

Töhfə Səməd

tag: Ermənistan,İrəvan,Avtobus,Dovşan,Nəqliyyat,todaypress.tv,