Ermənistan müxalifətlə bağlı bəyanat hazırlayır

Qərbi Azərbaycan

02.07.2025 17:51

Ermənistan parlamentində çoxluğa sahib olan “Mülki müqavilə” fraksiyası “Hakimiyyətin zorla ələ keçirilməsinin yolverilməzliyi və demokratiyanın qorunması haqqında” adlı bəyanat layihəsi hazırlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə fraksiya rəhbəri Hayk Konjoryan sosial şəbəkədə məlumat paylaşıb.

Sənədə parlamentin yaxın vaxtlarda keçiriləcək növbədənkənar iclasında baxılması planlaşdırılır. Konjoryanın sözlərinə görə, sənədin məqsədi Ermənistan Respublikasına qarşı hazırlandığı iddia edilən terror aktlarına siyasi və hüquqi qiymət verilməsidir.

Layihənin mətnində arxiyepiskop Baqrat Qalstanyanın və ya onun liderlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının adı birbaşa çəkilməsə də, sənədin siyasi və zaman konteksti onun konkret olaraq bu hərəkata və şəxslərə yönəldiyini göstərir.

Erməni Apostol Kilsəsinə sənəddə xüsusi yer ayrılıb. Bəyanatda kilsənin “dövlətə qarşı hibrid müharibəyə cəlb edilməsi” yolverilməz sayılır və Müqəddəs Eçmiədzinin “mənəvi atmosferi pozan şəxslərdən azad olması” istənilir.

Xatırladaq ki, iyunun 25-də arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarına qarşı genişmiqyaslı axtarış və həbslər həyata keçirilib. Ermənistan İstintaq Komitəsi onların “terror aktları və kütləvi iğtişaşlar hazırlamaqda, hakimiyyəti ələ keçirməyə cəhddə” ittiham olunduğunu bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan məsələ ilə bağlı açıqlamasında hüquq-mühafizə orqanlarının “kriminal-oliqarx-klerikal” planın qarşısını aldığını vurğulayıb.

Türkan İsgəndərli

tag: Ermənistan,Parlament,Qalstanyan,Paşinyan,Todaypress.tv,