Tom Kruz fəxri mükafata layiq görüldü

Mədəniyyət

18.06.2025 14:26

Daha əvvəl dörd dəfə "Oskar" mükafatına namizəd göstərilmiş məşhur amerikalı aktyor Tom Kruz, bu il 16-cı dəfə keçiriləcək "Governors Awards" (Qubernatorlar Mükafatları) mərasimində fəxri "Oskar" mükafatını alacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb. 

Bildirilib ki, 2025-ci il "Governors Awards" tədbirində Hollivudun dörd tanınmış siması – Tom Kruz, Dolly Parton, Debbi Allen və Vinn Tomas – ilk "Oskar"larını alacaqlar.

Tom Kruz uzun illər ərzində kino sənayesinə verdiyi töhfələrə görə fəxri "Oskar" mükafatına layiq görülüb. Tanınmış musiqiçi və xeyriyyəçi Dolly Parton isə genişmiqyaslı humanitar fəaliyyəti səbəbindən "Jean Hersholt Humanitar Yardım Mükafatı"na layiq bilinib.

Debbi Allen və dekorator Vinn Tomas da Akademiya tərəfindən fəxri mükafatlarla təltif olunacaqlar.

“Builki mükafatlar kino dünyasına qeyri-adi töhfələr vermiş dörd əfsanəvi şəxsi təltif edir. Xüsusilə Tom Kruz pandemiyadan sonra kinoteatrların dirçəlməsində önəmli rol oynamış nadir simalardan biridir”, - deyə Akademiyanın prezidenti Canet Yanq açıqlamasında bildirib.

Qeyd edək ki, məşhur komediya ustası Konan O’Brayenin aparıcılığını edəcəyi təltifetmə mərasimi 16 noyabr 2025-ci il tarixində Los-Ancelesdəki "Ray Dolby Bal" zalında keçiriləcək.

Töhfə Səməd 

tag: Oskar,Governors Awards,Tom Kruz,todaypress.tv,