Orqanizmdə "3D" material çap edən cizah hazırlandı
Kaliforniya Texnologiya İnstitutunun alimləri insan orqanizminin daxilində materialların formalaşdırılmasını mümkün edən yeni "3D" çap metodunu hazırlayıblar.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.
Yeni texnologiya “in vivo dərin toxuma səs çapı” (DISP) adlanır. Metod xüsusi biomürəkkəbin bədənə inyeksiya edilməsi və sonradan bu qarışığın ultrasəs vasitəsilə möhkəm hidrogel strukturuna çevrilməsi prinsipi ilə işləyir. Biomürəkkəbin tərkibi fərqli məqsədlərə – toxuma bərpasından tutmuş bədən daxilində elektron komponentlərin yaradılmasına qədər uyğun olaraq dəyişə bilər.
Əvvəllər bu cür prosedurlar üçün infraqırmızı işıqdan istifadə olunurdu, lakin onun təsiri dərinin səthi qatları ilə məhdud idi. Ultrasəs isə daha dərin toxumalara çata bilir və eyni zamanda təhlükəsizdir.
Alimlər ultrasəsi liposomlarla birləşdiriblər, mikroskopik kapsullarda polimerləşdirici maddə, kontrast agent və dərman yerləşdirilib. İnyeksiyadan sonra ultrasəs bu maddələri aktivləşdirərək bədən daxilində ulduz və ya damcı formalı strukturlar yaradır.
Metod həmçinin bədən daxilində elektrodların yaradılması imkanını da açır. Bunun üçün biomürəkkəbə gümüş və ya karbon nanotub kimi keçirici maddələr əlavə olunur. Belə elektrodlar, məsələn, birbaşa orqanın üzərindən EKQ məlumatı toplamaq üçün istifadə oluna bilər.
Qiymət Mahir
tag: 3D,Orqanizm,Alim,Elm,todaypress.tv,