Çində ilk dəfə insana donuzun ağciyəri köçürüldü
Maraqlı
26.08.2025 19:15
Çin alimləri ilk dəfə olaraq insana donuzun genetik olaraq dəyişdirilmiş ağciyərini köçürüblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan araşdırmada məlumat verilib.
Əməliyyat 39 yaşlı beyin ölümü baş vermiş kişiyə icra olunub.
Mütəxəssislərin sözlərinə görə, donuzdan köçürülmüş sol ağciyər 216 saat – doqquz gün ərzində fəaliyyət göstərib və kəskin rədd etmə reaksiyası müşahidə olunmayıb. Lakin əməliyyatdan bir gün sonra iltihabla əlaqəli toxuma zədələnməsi və maye toplanması əlamətləri qeydə alınıb.
Nyu-York Universitetinin Lanqon Transplantologiya İnstitutundan doktor Castin Çan bu nailiyyəti ümidverici adlandırıb, lakin vurğulayıb ki, hazırda köçürülən ağciyərlər insan həyatını müstəqil şəkildə dəstəkləmək gücündə deyil.
“Nature” yazır ki, son illərdə heyvan orqanlarının insanlara köçürülməsi – ksenotransplantasiya istiqamətində intensiv araşdırmalar aparılır. Genetik modifikasiya donuz orqanlarının rədd edilmə riskini azaltsa da, ağciyər transplantasiyası xüsusilə çətin hesab olunur, çünki immun sistem çirklənmələrə və infeksiyalara həssasdır.
Qiymət Mahir
tag: Çin, Transplantasiya,Donuz,İnsan,Tibb,Todaypress.tv,