Fransada dinozavr yumurtaları tapıldı
Maraqlı
02.07.2025 18:30
Fransız alimləri ölkənin cənub-şərqində yerləşən "Sainte-Victoire" dağının yaxınlığında dünyanın ən böyük dinozavr yumurtası yığımını tapıblar. Eks-en-Provens yaxınlığındakı bu ərazi “Provence Yumurtaları” adlandırılıb. Mütəxəssislər bildirirlər ki, burada hər kvadrat metrdə bir yumurta yerləşir.
TodayPress TV xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Tapıntının əsas özəlliyi odur ki, bu bölgədə yumurtalara dünyanın başqa yerlərinə nisbətən daha tez-tez rast gəlinir. Belə ki, təbaşir dövründə su basmış düzənliklər və lil-gil tərkibli torpaqlar yumurtaların fosilləşməsi üçün ideal şərait yaradıb.
Alimlərin əsas hədəfi isə içində embrion olan yumurta tapmaqdır. Bu, dinozavr növünün dəqiq müəyyənləşdirilməsi üçün vacib hesab olunur.
İndiyədək tapılan ən yaxşı nümunələr arasında ehtimal ki, rabdodonlar və ya titanosaurlar kimi ot yeyən dinozavrlara məxsus bud və baldır sümükləri olub.
Ərazidəki nadir tapıntıları qorumaq məqsədilə qoruq 1994-cü ildən ictimaiyyətin ziyarətinə bağlanıb. Bununla belə, yerli hakimiyyət orqanları “paleontoloji turizm”in inkişaf etdirilməsi məsələsini nəzərdən keçirirlər. Mütəxəssislər hesab edirlər ki, Fransa bu sahədə böyük potensiala malikdir, lakin onu hələ tam istifadə etmir.
Türkan İsgəndərli
tag: Dinozavr,Yumurta,Embrion,Fosil,Todaypress.tv,