Alimlər: Beynin bəzi xüsusiyyətləti cinayət meyilliliyini artıra bilər
Maraqlı
30.06.2025 13:31
Harvard Tibb Məktəbinin mütəxəssisləri insan beyninin quruluşundakı bəzi dəyişikliklərin cinayətkar davranışa səbəb ola biləcəyini ehtimal edən yeni tədqiqat aparıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "Rossiyskaya Gazeta" nəşri məlumat yayıb.
Tədqiqat çərçivəsində alimlər əvvəllər heç bir hüquq pozuntusu olmayan, lakin kəllə-beyin travması və ya beyində şiş yarandıqdan sonra aqressivləşərək cinayətlər törətmiş 17 nəfərin halları araşdırılıb.
Məlumatlar nəzarət qrupu ilə müqayisə edildikdə, alimlər beynin “sağ uncinate fasciculus” adlanan ağ maddə sahəsində zədələnmə müşahidə ediblər. Bu sahə beynin emosiyalara və qərar qəbuluna cavabdeh hissələrini birləşdirir. Tədqiqat göstərib ki, bu sahədəki pozuntular aqressiv davranış və zorakı cinayət törətmə riskini artıra bilər.
Bununla belə, tədqiqatın müəllifləri qeyd ediblər ki, bu, yalnız ehtimal olunan əlaqədir və bu cür məlumatlar hələlik məhkəmələrdə istifadə üçün kifayət qədər əsas sayılmır. Bunun üçün daha genişmiqyaslı araşdırmalara və inandırıcı sübutlara ehtiyac var.
Qeyd edək ki, cinayətkarlığın bioloji səbəbləri ilə maraq yeni deyil. XIX əsrdə italyan psixiatr Çezare Lombrozo da beynin quruluşu ilə cinayətə meyllilik arasında əlaqə axtarmış, lakin bunu elmi şəkildə sübut edə bilməmişdi.
Töhfə Səməd
tag: Harvard Tibb Məktəbi,Beyin,Cinayət,Tədqiqat ,Todaypress.tv,