"Google" cərimələdi: "Android" istifadəçilərinin məlumatları icazəsiz toplanıb

İKT

02.07.2025 19:00

Kaliforniyada keçirilən məhkəmə prosesi nəticəsində “Google” şirkəti "Android" istifadəçilərinin məlumatlarını onların xəbəri olmadan topladığı üçün 314 milyon dollar cərimə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi, eləcə də “Forbes” nəşri məlumat yayıb.

Kollektiv iddiada qeyd olunub ki, "Android" əməliyyat sistemli cihazlar, istifadəçilər "Wi-Fi" şəbəkəsinə qoşulmadıqda belə, məlumatları avtomatik şəkildə “Google”un serverlərinə ötürmək üçün proqramlaşdırılıb. Bu proses zamanı istifadəçilərin mobil internet paketləri istismar olunub və əlavə xərclər yaradılıb.

İddiaçılar həmçinin bildiriblər ki, şirkət bu məlumatlardan hədəfli reklam alqoritmlərini təkmilləşdirmək və xəritə xidmətlərini inkişaf etdirmək üçün istifadə edib.

“Google”un nümayəndəsi Xose Kastaneda qərarla razı olmadıqlarını və onu apellyasiya qaydasında mütləq şəkildə mübahisələndirəcəklərini deyib. Onun sözlərinə görə, bu məlumatların ötürülməsi "Android" cihazlarının qlobal miqyasda effektiv fəaliyyətini təmin etmək üçün vacibdir və əslində, bir fotoşəklin göndərilməsindən daha az mobil trafik sərf edir. Kastaneda əlavə edib ki, "Android" istifadəçiləri cihazı aktivləşdirərkən “Google”un məlumat toplamasına dair şərtləri qəbul edirlər.

Qiymət Mahir

tag: Android,Google,Kaliforniya,Cərimə,Todaypress.tv,