Elnur Əliyev: “Kibertəhlükəsizlik artıq iqtisadi təhlükəsizlik və dayanıqlı inkişafın əsas alətlərindən birinə çevrilib”

İKT

09.10.2025 11:12

"Rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilib".

TodayPress TV xəbər verir ki, bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “CIDC-2025” kibertəhlükəsizlik festivalı çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müxtəlif fəaliyyət sahələrində uğura nail olmaq üçün üç əsas komponent - tənzimləyici mexanizmlər, alətlər (texniki və texnoloji həllər) və insan kapitalı hər zaman özünü doğruldur.

Elnur Əliyev əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Milli Strategiyası” bu sahədə dövlətin strateji baxışını müəyyən edib.

"Strategiyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı prioritet istiqamətlər, o cümlədən Milli Kibertəhlükəsizlik Ekosisteminin formalaşdırılması, Kritik İnformasiya İnfrastrukturunun qorunması, Milli Kiber Təlim Mərkəzlərinin və laboratoriyaların yaradılması, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və kadr potensialının inkişafı kimi hədəflər əksini tapıb. Prezidentin müvafiq fərman və sərəncamları ilə təsdiq edilən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkənin rəqəmsal transformasiyasına, intellektual məhsulların yaradılmasına, böyük həcmli məlumatların idarə olunmasına, startap ekosisteminin inkişafına və rəqəmsal suverenliyin gücləndirilməsinə xidmət edir".

Nazir müavini bildirib ki, rəqəmsal bacarıqların artırılması istiqamətində həyata keçirilən "Coursera National Academy" layihəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır:

"İndiyə qədər platforma vasitəsilə 40 minə yaxın vətəndaş 187 minə yaxın kursa qoşulub, onlardan 68 mindən çoxu uğurla tamamlanıb. Ümumilikdə 276 min saatdan artıq tədris materialı izlənilib. Layihə çərçivəsində 600-dən çox kibertəhlükəsizlik kursu mövcuddur".

Elnur Əliyev vurğulayıb ki, bu kimi təşəbbüslər ölkədə rəqəmsal savadlılığın, texnoloji adaptasiyanın və mütəxəssis potensialının artmasına mühüm töhfə verir:

"Bu tip layihələr informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində insan kapitalının formalaşmasına ciddi təsir göstərir və onların genişləndirilməsi arzuolunandır", - deyə o fikirlərini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: CIDC-2025,Elnur Əliyev,Tədbir,Çıxış,todaypress.tv,