DTX rəisi Əli Nağıyev: “Kritik informasiya infrastrukturlarının qorunması DTX-nin daim diqqət mərkəzindədir”

İKT

09.10.2025 11:07

"Müasir dövrdə kritik informasiya infrastrukturunun mühafizəsi ölkələrin təhlükəsizlik prioritetlərindən biri kimi müəyyənləşib".

TodayPress TV xəbər verir ki, bu “CIDC-2025” kibertəhlükəsizlik festivalı çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin tədbir iştirakçılarına müraciətində bildirilib.

Qeyd olunur ki, dövlət idarəçiliyi, telekommunikasiya, maliyyə və dövlət xidmətləri kimi sahələri əhatə edən sistemlərin, xüsusilə də müdafiə sənayesi obyektlərindəki informasiya sistemlərinin kiberhücumlara qarşı həssaslığı nəzərə alınaraq, onların qorunması DTX-nin diqqət mərkəzindədir.

"Dövlətlərin ictimai, siyasi, iqtisadi və hərbi qüdrətini hədəf alan kiberhücumlar getdikcə daha mütəşəkkil və transmilli xarakter alır. Hava limanlarında, nəqliyyat sistemlərində və digər sahələrdə baş verən insidentlərin bu təhlükələrin reallığını sübut edir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi DTX-nin prioritetlərindən biridir. Hazırda qurum 360-dan çox xüsusi xidmət orqanı ilə kiberhücumlarla mübarizə sahəsində əməkdaşlıq edir".

DTX rəisi, həmçinin bildirib ki, kritik informasiya infrastrukturlarının qabaqlayıcı mühafizəsi üzrə proqram təminatı istifadəyə verilib, yerli və xarici mütəxəssislər üçün xüsusi təlimlər təşkil olunub. Təhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması məqsədilə ayrıca təlim kanalları da yaradılıb.

"Kritik informasiya infrastrukturlarının təhlükəsizliyi sahəsində təhsil və kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarından ibarət birgə Komissiya fəaliyyət göstərir. Cari ildə ISO-15408 Ümumi Meyar laboratoriyasında informasiya mühafizə və kriptoqrafik mühafizə vasitələrinin sınaqları və sertifikatlaşdırılması həyata keçiriləcək. İnanıram ki, bu tədbir çərçivəsində aparılacaq müzakirələr və təcrübə mübadiləsi kritik informasiya infrastrukturlarının müdafiəsi sahəsində bizim biliklərimizi və təcrübəmizi zənginləşdirəcək, beynəlxalq əməkdaşlığımızı daha da gücləndirəcək, ölkəmizi gələcək qlobal kibertəhdidlərə qarşı daha da dayanıqlı edəcək", - müraciətdə qeyd edilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Əli Nağıyev,Festival,Çıxış,DTX,Todaypress.tv,