"iPhone 17 Pro Max" ən güclü batareyaya sahib olacaq
İKT
04.07.2025 19:15
"Apple" şirkətinin 2025-ci ildə təqdim edəcəyi "iPhone 17 Pro Max" modeli bütün "iPhone"lar arasında ən böyük batareya tutumuna sahib olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “MacRumors” saytı yazıb.
Məlumata görə, yeni flaqman modeldə batareyanın tutumu təxminən 5000 milliamper/saat (mAh) olacaq. Bu, hazırda bazarda olan "iPhone 16 Pro Max" modelindən 324 mAh çoxdur.
Batareya tutumundakı artım cihazın enerji səmərəliliyinin yüksəldilməsi ilə birlikdə 35 saata qədər fasiləsiz istifadə imkanı verəcək. Bu göstərici "iPhone 16 Pro Max" modelindəki 33 saatlıq nəticədən 2 saat artıqdır. Avtonomluğu artıracaq əsas amillərdən biri də "Apple A19 Pro" çipi və "Qualcomm"un yeni "Snapdragon X80" modemi olacaq. Qeyd olunur ki, "Apple" bu modeldə öz istehsalı olan modemdən imtina edərək xarici modemə üstünlük verəcək.
iPhone 17 seriyasının təqdimatı 2025-ci ilin sentyabrında gözlənilir. Bu seriyada “Plus” modeli olmayacaq – onun əvəzinə cəmi 5,5 mm qalınlığında korpusa malik, yalnız bir arxa kamerası olan və yeni dizaynla təqdim ediləcək “iPhone 17 Air” modeli satışa çıxarılacaq.- Pro və Pro Max modelləri isə arxa panel dizaynında mühüm dəyişikliklərlə fərqlənəcək.
Qiymət Mahir
tag: Batareya ,Apple,iPhone 17 Pro Max,iPhone 17 Air,Todaypress.tv,